Xərçənglə mübarizədə tarixi addım: İnnovativ peyvənd bu yay sınaqdan keçiriləcək
Tibb dünyasında böyük maraq doğuran yeni bir inkişaf qeydə alınıb.
Patrul.az-ın məlumatına görə, İngiltərənin Oxford Universiteti ilə biotexnologiya şirkəti Modernanın birgə hazırladığı və xərçənglə mübarizədə inqilabi nəticələr vəd edən yeni peyvəndin klinik sınaqlarına bu yay başlanacaq.
Mütəxəssislərin fikrincə, bu peyvənd xərçəngi müalicə etməkdən daha çox, onun yaranmasının qarşısını almağa yönəlib və uğurlu nəticə əldə olunacağı təqdirdə onkologiyada yeni mərhələnin əsasını qoya bilər.
Peyvənd ilk mərhələdə Linç sindromu (Lynch syndrome) daşıyıcıları üzərində sınaqdan keçiriləcək. Bu genetik sindrom bağırsaq, uşaqlıq və yumurtalıq xərçəngi kimi xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.
Tədqiqatın əsas məqsədi peyvəndin immun sistemini necə aktivləşdirdiyini öyrənməkdir. Alimlər hesab edirlər ki, immun sistemi xüsusi şəkildə “öyrədilərsə”, o, xərçəngöncəsi hüceyrələri şişə çevrilməmişdən əvvəl aşkar edib məhv edə biləcək. Beləliklə, xəstəliyin inkişafının qarşısını almaq mümkün olacaq.
mRNA texnologiyası bu dəfə xərçəngin qarşısını almaq üçün istifadə edilir
Layihənin ən diqqətçəkən tərəflərindən biri də pandemiya dövründə geniş tanınan mRNA texnologiyasının ilk dəfə xərçəngin profilaktikası məqsədilə tətbiq edilməsidir.
Oxford Universitetinin mütəxəssisləri bildirirlər ki, bu metod uğurlu olarsa, gələcəkdə digər xərçəng növlərinə qarşı da uyğunlaşdırıla və istifadə edilə bilər.
İlk mərhələdə təhlükəsizlik və effektivlik qiymətləndiriləcək
“Intercept-Lynch” adlandırılan klinik tədqiqatın ilkin mərhələsində peyvəndin təhlükəsizliyi, optimal dozası və immun sistemində yaratdığı reaksiyalar araşdırılacaq.
Əgər ilk nəticələr müsbət olarsa, tədqiqatın ikinci mərhələsinin 2027-ci ildə başlanması planlaşdırılır.
Mütəxəssislər hesab edirlər ki, bu layihə uğurlu olacağı təqdirdə, xərçəngin erkən mərhələdə qarşısının alınması istiqamətində tibbin ən mühüm nailiyyətlərindən birinə çevrilə bilər.
Ləman Sərraf






