Xutorda qanunsuz tikinti iddiası: Məsul şəxslər ortada yoxdur - VİDEO
Binəqədi rayonu, Xutor adlanan ərazidə qanunsuz tikinti aparılması ilə bağlı redaksiyamıza məlumat daxil olub.
Patrul.az olaraq, məlumatı araşdırmaq məqsədilə sözügedən ünvana yollandıq. Müşahidələrimiz zamanı ərazidə tikinti işlərinin davam etdirildiyini gördük. Bildirildi ki, tikilən obyekt iaşə təyinatlıdır.
Ərazidə diqqət çəkən məqamlardan biri isə işçilərin təhlükəsizlik qaydalarına əməl etməməsi oldu. Belə ki, bir sıra işçilər xüsusi qoruyucu geyim və baş geyimlərindən istifadə etmədən çalışırdılar. Bu isə onların həyat və sağlamlığı üçün ciddi risk yarada bilər.
Tikintinin qanuniliyi və görülən işlərlə bağlı məsul şəxslərin mövqeyini öyrənməyə çalışdıq. Lakin bizə bildirildi ki, ərazidə işçilərdən başqa heç kim yoxdur. Nəticədə suallarımıza cavab almaq mümkün olmadı.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.






