media-bakikart-bna

“BakıKart”ın satış qiymətinin 3 manata yüksəlməsi ictimaiyyətdə müxtəlif suallar yaradıb. Bəziləri bunu xərclərin artması ilə əlaqələndirsə də, digərləri qərarın iqtisadi əsaslarını anlamağa çalışır. Bəs kartın qiymətinin artırılması hansı iqtisadi amillərlə izah olunur və bu addımın əsas səbəbləri nələrdir?

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, “BakıKart”ın qiymətinin 3 manata qaldırılması bir sıra iqtisadi amillərlə əlaqədar ola bilər. 

Onun sözlərinə görə, bu qərarın əsas səbəbləri arasında xərclərin artması və nəqliyyat sisteminin maliyyə dayanıqlığının təmin edilməsi xüsusi yer tutur.

media-img-20260612-wa0038

Professor qeyd edir ki, müasir nəqliyyat kartları sadə plastik kartlar deyil. Onların hazırlanmasında istifadə olunan komponentlərin əksəriyyəti xaricdən idxal edilir:

“Son illərdə dünya bazarında elektron avadanlıqların, plastik xammalın və logistika xidmətlərinin bahalaşması kartların istehsal maya dəyərinin yüksəlməsinə səbəb olub. İctimai nəqliyyatda istifadə olunan ödəniş sistemlərinin fasiləsiz fəaliyyəti üçün mütəmadi texniki dəstək və təhlükəsizlik tədbirləri tələb olunur. Bu xidmətlərin maliyyələşdirilməsi də əlavə vəsait tələb edir”.

R.Sabir vurğulayır ki, inflyasiya da bu prosesə təsir göstərən amillərdəndir:

“İnflyasiya nəticəsində əməkhaqları, enerji daşıyıcıları, texniki xidmət, proqram təminatının yenilənməsi və digər əməliyyat xərcləri artır.

Bundan əlavə, nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması və yeni texnologiyaların tətbiqi də əlavə maliyyə vəsaiti tələb edir. Mobil ödənişlər, onlayn balans artırılması, yeni validatorların quraşdırılması və məlumat təhlükəsizliyinin gücləndirilməsi kimi layihələr əlavə investisiyalar tələb etdiyindən, kart satışından əldə olunan gəlirlər bu investisiyaların bir hissəsinin maliyyələşdirilməsinə yönəldilə bilər.

Ümumilikdə, “BakıKart”ın qiymətinin 3 manata qaldırılması istehsal maya dəyərinin artması, nəqliyyat sisteminin maliyyə dayanıqlığının qorunması, inflyasiya, həmçinin texniki xidmət və infrastruktur xərclərinin yüksəlməsi zərurəti ilə izah oluna bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər