media-img-20260612-wa0053

İyul ayından etibarən Portuqaliyada avtonom idarəetmə sistemləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarda sınaqdan keçirilməsinə icazə veriləcək. Bu barədə qərar ölkə Nazirlər Şurası tərəfindən aprelin sonunda qəbul edilən və ötən həftə rəsmi dövlət qəzetində dərc olunan yeni fərmanla qüvvəyə minib.

Patrul.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, avtonom nəqliyyat texnologiyalarının sınaqları yalnız xüsusi lisenziya əsasında və ciddi texniki, əməliyyat və təhlükəsizlik tələblərinə əməl olunmaqla həyata keçirilə biləcək.

Portuqaliya hökuməti hesab edir ki, avtonom idarəetmə texnologiyaları fiziki və ya digər məhdudiyyətlər səbəbindən avtomobil idarə edə bilməyən vətəndaşların hərəkət imkanlarını genişləndirərək nəqliyyatı daha əlçatan edəcək. Eyni zamanda, bu texnologiyanın fərdi və ictimai nəqliyyat sahəsində yeni həllərin yaranmasına, avtomobil parkından daha səmərəli istifadəyə və mövcud nəqliyyat modelindəki bəzi problemlərin aradan qaldırılmasına kömək edəcəyi gözlənilir.

Sınaqlarda elmi-tədqiqat laboratoriyaları, ali təhsil müəssisələri, eləcə də avtomobil, infrastruktur və nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlər iştirak edə biləcəklər.

Yeni qaydalara görə, avtonom avtomobillər üçün məcburi sığorta tələbləri də sərtləşdirilib. Minimum sığorta təminatı adi nəqliyyat vasitələri ilə müqayisədə dörd dəfə yüksək olacaq və üçüncü şəxslərə vurulan maddi və ya fiziki zərərləri qarşılamalıdır.

Bundan əlavə, sınaqları həyata keçirən təşkilatlar risklərin azaldılması planı təqdim etməli, həmçinin avtomobil sistemlərinə icazəsiz müdaxilələrin qarşısını ala biləcək kibertəhlükəsizlik tədbirlərinin mövcudluğunu sübut etməlidirlər.

Hər bir sınaq əvvəlcədən rəsmi qurumlara bildirilməli, başa çatdıqdan sonra isə qəza, ciddi insident və digər hadisələri əhatə edən ətraflı hesabat təqdim olunmalıdır.

Qanun həmçinin sınaqlara cavabdeh olan sürücülər və operatorlar üçün xüsusi tələblər müəyyənləşdirir. Avtonom sistemlərə nəzarət edən şəxslər ən azı altı il sürücülük təcrübəsinə malik olmalı və son beş il ərzində yol hərəkəti ilə bağlı cinayət və ya ciddi qayda pozuntusu törətməməlidirlər.

Sınaqlar zamanı yol hərəkəti qaydalarında nəzərdə tutulan maksimal sürət həddi 20 km/saat azaldılacaq. Alkoqol limiti isə peşəkar sürücülər üçün tətbiq edilən norma ilə eyni olacaq. Həm sürücü, həm də operator fasiləsiz olaraq üç saatdan artıq işləyə bilməyəcək və ən azı bir saatlıq fasilə verməlidirlər.

Sınaq avtomobilləri xüsusi məlumat toplama sistemləri ilə təchiz olunacaq. Bu sistemlər avtonom idarəetmə funksiyalarının fəaliyyəti, avtomobilə nəzarət edən şəxsin kimliyi, sürət, sükan və əyləc göstəriciləri, eləcə də sürücü və operatorun müdaxilələri barədə məlumatları qeydə alacaq.

Bundan başqa, nəqliyyat vasitələri uzaqdan verilən əmrlər, digər avtomobillər, yol infrastrukturu və müxtəlif rəqəmsal əlaqə nöqtələri ilə qurulan kommunikasiyalar barədə məlumatları da yadda saxlamalıdır.

Xarici ölkələrdə verilmiş avtonom nəqliyyat vasitələrinin sınaq lisenziyaları da Portuqaliyada tanına bilər. Bunun üçün həmin sənədlərin ölkənin Mobillik və Nəqliyyat İnstitutuna (IMT) təqdim olunaraq rəsmən təsdiqlənməsi tələb olunur.

Ləman Sərraf


Bənzər xəbərlər