media-1781027347_1

Şəhərdə tıxacın artdığı saatlarda taksi sifariş edənlərin əksəriyyəti qiymətlərin qəfil yüksəldiyini müşahidə edir. Bu artımın arxasında yalnız yol sıxlığı dayanır, yoxsa tələb və təklif balansı, sürücülərin sayı və digər iqtisadi amillər də rol oynayır? Tıxac saatlarında taksi qiymətlərinin artmasının əsas səbəbləri nələrdir və bu qiymət dəyişiklikləri hansı iqtisadi amillərlə izah olunur?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, tıxaclar səbəbindən sürücülər bir sifarişi yerinə yetirmək üçün daha çox vaxt sərf etdiyindən, taksi qiymətləri arta bilir:

“Tıxac saatlarında taksi qiymətlərinin artmasının əsas səbəbi tələb və təklif arasındakı balansın dəyişməsidir. İnsanların işə getdiyi və ya işdən qayıtdığı vaxtlarda taksiyə tələbat kəskin artır, lakin eyni anda xidmət göstərə bilən avtomobillərin sayı məhdud qalır. Bu halda taksi platformaları qiymətləri yüksəldərək bazarda tarazlıq yaratmağa çalışırlar. Tıxaclar sürücülərin bir sifarişi yerinə yetirmək üçün daha çox vaxt sərf etməsinə səbəb olur. Nəticədə sürücülərin saat ərzində qəbul edə bildiyi sifarişlərin sayı azalır və xidmətin maya dəyəri artır. Qiymət artımı bu əlavə vaxt və yanacaq xərclərini qismən kompensasiya edir”.

media-akif-nesirli

İqtisadçı sözlərinə görə,tıxac saatlarında taksi qiymətlərinin artması artan tələbat və məhdud təklif nəticəsində formalaşan bazar mexanizmi ilə izah olunur:

“İqtisadi baxımdan bu vəziyyət tələbin artması və təklifin məhdudlaşması ilə izah olunur. Dinamik qiymətqoyma sistemi yüksək tələbat dövründə daha çox sürücünü xəttə çıxmağa təşviq edir və xidmətin əlçatanlığını qorumağa kömək edir. Buna görə də tıxac saatlarında taksi qiymətlərinin adi vaxtlarla müqayisədə daha yüksək olması bazar mexanizmlərinin nəticəsi hesab edilir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər