media-1781583111_11

İyunun 16-dan etibarən Azərbaycanda və dünyanın bir çox müsəlman ölkəsində hicri-qəməri təqvimin ilk ayı olan Məhərrəm ayı başlayıb. İslam aləmində xüsusi əhəmiyyət daşıyan bu ay təkcə yeni ilin başlanğıcı deyil, həm də 1400 ildən artıqdır ki, ədalət, mərdlik və mənəvi dəyərlər uğrunda verilən ən böyük qurbanlıqlardan birinin xatırlandığı dövr kimi qəbul edilir.

Patrul.az-ın araşdırmasına görə, Məhərrəm ayı müsəlmanlar üçün sadəcə təqvimdə yeni bir səhifənin açılması deyil. Bu ay Kərbəla hadisəsi və İmam Hüseynin (ə) şəhadəti ilə bağlı olduğu üçün xüsusilə hüzn və düşüncə ayı kimi tanınır.

Kərbəla: Tarixi dəyişən hadisə

Məhərrəm ayının əsas mənəvi yükü 680-ci ildə baş vermiş Kərbəla hadisəsi ilə bağlıdır. Hicri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının 10-da – Aşura günündə Həzrət Məhəmmədin (s) nəvəsi, İmam Əli (ə) və Həzrət Fatimənin (ə) oğlu İmam Hüseyn (ə) ailə üzvləri və yaxın silahdaşları ilə birlikdə Kərbəla çölündə şəhid edilib.

Tarixi mənbələrə görə, İmam Hüseyn (ə) dövrün hakimiyyətinin ədalətsiz siyasətini qəbul etmədiyi üçün ona beyət etməkdən imtina etmişdi. Nəticədə o və tərəfdarları Kərbəlada mühasirəyə alınaraq susuz vəziyyətdə saxlanılmış, daha sonra isə şəhid edilmişdilər.

Bu hadisə əsrlər boyu müsəlman dünyasında haqq uğrunda mübarizənin, zülmə boyun əyməməyin və mənəvi dirənişin simvoluna çevrilib.

Aşura günü nəyi ifadə edir?

Bu il Aşura günü iyunun 25-nə təsadüf edir. Hicri təqvimi ilə Məhərrəm ayının 10-cu günü olan Aşura İmam Hüseynin (ə) şəhadət günü kimi yad edilir.

Müsəlmanlar həmin gün məscidlərdə və dini mərasimlərdə iştirak edir, Kərbəla şəhidlərini anır, onların göstərdiyi fədakarlığı xatırlayırlar. Bir çox ölkələrdə Aşura münasibətilə xeyriyyə aksiyaları keçirilir, ehtiyacı olan insanlara yardım göstərilir və qanvermə kampaniyaları təşkil olunur.

Niyə Kərbəla bu gün də aktualdır?

Tarixçilər və ilahiyyatçılar hesab edirlər ki, Kərbəla hadisəsinin bu qədər uzun müddət yaddaşlarda qalmasının səbəbi onun yalnız dini deyil, həm də ümumbəşəri dəyərlərlə bağlı olmasıdır. Hadisə ədalət uğrunda mübarizə, vicdan azadlığı, insan ləyaqəti və prinsipiallıq kimi anlayışları təcəssüm etdirir.

Bu baxımdan Kərbəla təkcə müsəlman dünyası üçün deyil, müxtəlif mədəniyyətlərdə də mənəvi müqavimətin simvollarından biri kimi qiymətləndirilir.

Məhərrəm :düşünmək və dərs çıxarmaq ayı

Məhərrəm ayı bir çox insanlar üçün sadəcə matəm ayı deyil, həm də özünüdərk, mənəvi saflaşma və həyat dəyərləri üzərində düşünmək dövrüdür. Bu ay insanlara haqqın və ədalətin bəzən böyük qurbanlar tələb etdiyini xatırladır.

2026-cı ildə Məhərrəm ayı iyulun 14-də başa çatacaq. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrində milyonlarla insan Kərbəla şəhidlərinin xatirəsini yad edəcək, onların həyatından və mübarizəsindən mənəvi dərslər götürməyə çalışacaq. Kərbəla hadisəsindən keçən əsrlərə baxmayaraq, onun mesajı bu gün də dəyişməz qalır: zülm qarşısında susmamaq və həqiqətin yanında olmaq.

Ləman Sərraf


Bənzər xəbərlər