media-inshot_20260130_145158552

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirdiyi iclasında müzakirə edilib. Məktəblərdə vahid geyim və davranış forması olması barədə müzakirələr olunub. Əslində, bu məsələ əvvəllər dəfələrlə müzakirə olunmağına baxmayaraq, hələ də öz həllini tam olaraq tapmayıb.

Bəs məktəblərdə niyə eyni geyim tərzinin olmasına əhəmiyyət verirlər? Bu qaydanın uşaqların psixoloji durumuna bir təsiri varmı?

Mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Patrul.az-a fikirlərini bölüşüb.

O qeyd edib ki, məktəblərdə vahid geyim formasına üstünlük verilməsi yalnız inzibati və ya estetik bir qayda deyil:

“Bu qaydanın arxasında psixoloji, sosial və pedaqoji əsaslar dayanır. Bu məsələ beynəlxalq təhsil sistemlərində də uzun illərdir müzakirə olunur və müxtəlif ölkələrin təcrübəsi göstərir ki, düzgün tətbiq edildikdə məktəbli forması uşaqların psixoloji inkişafına müsbət təsir göstərə bilir. Vahid geyim ilk növbədə bərabərlik hissini gücləndirir. Uşaqlar xüsusilə yeniyetməlik dövründə özlərini digərləri ilə müqayisə etməyə daha meyilli olurlar. Geyim fərqləri isə bu müqayisəni daha görünən və bəzən ağrılı hala gətirə bilər. Sosial-iqtisadi imkanları fərqli olan ailələrin övladları arasında geyim üzərindən yaranan fərqlər uşaqlarda aşağı özünəqiymət, utancaqlıq, hətta kənarlaşdırılma hissi formalaşdıra bilər. Vahid forma bu riskləri xeyli azaldır və uşağa “mən də bu kollektivin bərabər üzvüyəm” mesajını verir”.

Psixoloq beynəlxalq təcrübəni misal göstərərək bildirib ki, bu yanaşma dünyanın bir çox ölkəsində geniş tətbiq olunur:

“Məsələn, Böyük Britaniya məktəbli formasının ən köklü ənənəyə malik olduğu ölkələrdəndir. Britaniya Təhsil Nazirliyinin dəstəklədiyi araşdırmalarda qeyd olunur ki, məktəbli forması məktəbə mənsubluq hissini artırır, intizamı gücləndirir və dərsə fokuslanmanı asanlaşdırır. Yaponiya və Cənubi Koreya kimi ölkələrdə isə məktəbli forması təkcə geyim deyil, eyni zamanda kollektiv məsuliyyət və sosial harmoniya simvolu kimi qəbul edilir. Bu ölkələrdə aparılan psixoloji-pedaqoji tədqiqatlar göstərir ki, vahid forma uşaqların məktəb mühitinə uyğunlaşmasını sürətləndirir və sosial münasibətləri daha stabil edir. Amerika Birləşmiş Ştatlarında vahid məktəbli forması bütün ölkə üzrə məcburi olmasa da, bir çox ştat və məktəb dairələrində tətbiq edilir. Harvard Graduate School of Education və National Association of Elementary School Principals tərəfindən aparılan araşdırmalarda vurğulanır ki, vahid geyim tətbiq edilən məktəblərdə aqressiv davranışların, bullinq hallarının və diqqəti yayındıran faktorların azaldığı müşahidə olunur. Bu isə birbaşa olaraq uşaqların emosional təhlükəsizlik hissinə müsbət təsir edir”.

media-inshot_20260130_144758485

E.Rüstəmovun sözlərinə görə, digər mühüm psixoloji məqam isə uşağın özünüifadə ehtiyacı ilə bağlıdır:

“Tənqidlərdə tez-tez deyilir ki, vahid forma uşağın fərdiliyini boğur. Əslində isə psixoloji yanaşmada fərdilik yalnız geyimlə ölçülmür. Sağlam məktəb mühitində uşaq özünü fikirləri, bacarıqları, yaradıcılığı və sosial davranışları ilə ifadə etməyi öyrənir. Beynəlxalq praktika göstərir ki, məktəbli forması düzgün psixoloji mühit və demokratik məktəb mədəniyyəti ilə birgə tətbiq olunduqda, fərdiliyin inkişafına mane olmur, əksinə, uşaqları zahiri görünüşdən çox daxili potensiala fokuslanmağa təşviq edir”.

“Eyni zamanda, vahid geyim uşaqlarda struktur və təhlükəsizlik hissi yaradır. Psixologiyada məlumdur ki, uşaqlar üçün aydın qaydalar və sabitlik emosional rahatlıq yaradır. Məktəbli forması məktəb mühitinin proqnozlaşdırıla bilən və təhlükəsiz bir məkan olduğunu simvolik şəkildə möhkəmləndirir. Bu da xüsusilə emosional həssas və ya adaptasiya çətinliyi yaşayan uşaqlar üçün əhəmiyyətlidir.

Beynəlxalq təcrübə və psixoloji araşdırmalar göstərir ki, məktəblərdə vahid geyim qaydası düzgün yanaşma ilə tətbiq edildikdə uşaqlarda bərabərlik, mənsubiyyət, emosional təhlükəsizlik və sosial uyğunlaşma hisslərini gücləndirir. Əsas məsələ formanın özü deyil, onun hansı dəyərlər sistemi və hansı psixoloji mühit daxilində təqdim olunmasıdır. Məktəb bu qaydanı cəza mexanizmi kimi deyil, sosial harmoniya və sağlam inkişaf üçün bir vasitə kimi təqdim etdikdə, vahid geyim uşaqların psixoloji rifahına real və müsbət töhfə verir”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər