media-inshot_20250916_192412854

Son illərdə paytaxt Bakı və digər böyük şəhərlərdə çoxmənzilli binaların tikintisi sürətlə davam edir. Artıq vətəndaşlar mənzil alarkən yalnız hazır binalara deyil, tikilməkdə olan layihələrə də maraq göstərirlər. Lakin bu prosesdə bəzi risklər mövcuddur: Tikinti şirkətləri ilə bağlanan müqavilələr, maliyyə sənədləri və binanın çıxarışının olmaması vətəndaşlar üçün problemlər yarada bilər.

Hazır olmayan binadan mənzil alanlar nələrə diqqət yetirməlidirlər?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, hazırda çoxmənzilli binalar inşa edən tikinti şirkətləri tərəfindən zərər görən vətəndaşların sayı 5250-dən çoxdur:

“Artıq 90-cı illərdən başlayaraq, xüsusən paytaxt Bakı və ölkənin digər böyük şəhərlərində yeni çoxmənzilli yaşayış binaları inşa olunur. Yaşayış binaları inşa olunarkən onların ilkin sənədləri tikinti şirkəti ilə vətəndaşlar arasında bağlanan alqı-satqı müqaviləsi əsasında verilir. Vətəndaş alacağı mənzilin pulunu tam ödəyibsə, maliyyə arayışı şirkət tərəfindən təqdim olunur. Daha sonra bina tikilib təhvil verildikdə, həmin binadakı mənzillərə çıxarış verilməsi zamanı vətəndaş əlindəki alqı-satqı müqaviləsi və maliyyə arayışı ilə mənzilinə çıxarış ala bilir.

Bu illər ərzində daşınmaz əmlak bazarında, xüsusilə də tikilməkdə olan çoxmənzilli binalarda baş verən proseslərə nəzər salsaq, bir dövr minlərlə ölkə vətəndaşının müxtəlif tikinti şirkətləri tərəfindən aldadıldığının şahidi olarıq. Hazırda çoxmənzilli binalar inşa edən tikinti şirkətlərindən aldadılmış, yəni zərər çəkmiş vətəndaşların sayı 5250 nəfərdən artıqdır. Onların böyük bir hissəsinə təzminat ödənərək evlər verilib və ya ödəmiş olduqları məbləğ geri qaytarılıb. Lakin hələ də zərəri qarşılanmayan vətəndaşlar mövcuddur.

Vətəndaş hər hansı bir tikinti şirkətindən mənzil alarkən, təəssüflər olsun ki, ölkəmizdə tikinti şirkətləri və tikilməkdə olan binalarla bağlı reyestrin aparılmaması səbəbindən yalnız şirkətlərin verdiyi vədlərə inanmaq məcburiyyətində qalır. Hər hansı bir rəsmi reyestr olmadığı üçün vətəndaş mütləq şəkildə özü araşdırma aparmalıdır. Əgər bina hələ tikilməkdədirsə, tam hazır deyilsə və çıxarışı yoxdursa, bu halda müəyyən qədər araşdırma aparmaq vacibdir. Şirkətin daha əvvəl digər ərazilərdə inşa etdiyi binalarla bağlı məlumat toplamaq, internet resurslarında həmin şirkətin adı ilə bağlı şikayətlərin olub-olmadığını dəqiqləşdirmək faydalıdır. Yalnız bundan sonra həmin binalardan mənzil almaq məqsədəuyğun olar.

Bir zamanlar bəzi fırıldaqçı tikinti şirkətləri tərəfindən çoxlu insan aldadılmışdı. Lakin son illərdə tikinti sahəsinə göstərilən ciddi nəzarət nəticəsində bazarda fəaliyyət göstərən şirkətlər əsasən böyük binalar inşa etmiş, etibarlı fəaliyyəti ilə seçilən şirkətlərdir. Bu baxımdan, hazırkı vəziyyətdə, xüsusən Bakı şəhərində tikinti işləri aparan şirkətlərin demək olar ki, hər biri etibarlıdır”.

E. Fərzəliyev əgər vətəndaş alqı-satqı prosesindən xəbərsizdirsə, bir vəkil və ya hüquqşünasla məsləhətləşməsi vacibliyini vurğulayıb:

“Buna baxmayaraq, vətəndaş yenə də hər hansı bir əmlak alarkən araşdırma aparmalı, şirkətlə bağlı məlumat toplamalı və daha yaxşı olardı ki, əgər alqı-satqı prosesindən xəbərsizdirsə, bir vəkil və ya hüquqşünasla məsləhətləşsin. Bu halda vətəndaşın bilmədiyi suallar hüquqşünas tərəfindən tikinti şirkətinə yönləndirilə bilər. Əgər bütün suallara tam cavab alınarsa, o zaman həmin mənzili almağa dəyər”.

Son illərdə tikinti sahəsinə nəzarətin güclənməsi ilə risklər azalsa da, vətəndaşların mənzil alarkən diqqətli olması, şirkət barədə araşdırma aparması və hüquqşünasla məsləhətləşməsi hələ də zəruri sayılır.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər