Mənzillərdə gecə səs-küyü zamanı hansı halda cərimə tətbiq olunur? - HÜQUQİ İZAH
Son günlər çoxmənzilli binalarda səs-küy şikayətlərinin artdığı müşahidə olunur. Gecə saatlarında yaranan narahatlıq isə bir çox sakinləri hüquqi yollara üz tutmağa məcbur edir.
Bəs qonşu səs-küyü dayanmasa, polisə müraciət edildikdə prosedur necə işləyir?
Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, İXM-in 521-ci maddəsi 24:00–07:00 aralığında məişət səs-küyünü qadağan edir və pozanlara cərimə tətbiq olunmasını nəzərdə tutur:
“İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə saat 24:00-dan səhər 07:00-dək məişət səs-küyünün qarşısının alınmasına dair hüquqi çərçivəni müəyyən edir və yaşayış mühitində sakitliyin qorunmasını inzibati məsuliyyət predmeti kimi nəzərdə tutur. Bu müddət ərzində mənzillərdə, binaların giriş və həyətlərində, küçələrdə və digər ictimai məkanlarda yüksək səslə musiqi ifası, mahnı oxunması, audio qurğuların gur səslə işlədilməsi və ya səs-küy yaradan digər hərəkətlər qanunla qadağan edilir. Fiziki şəxslər üçün 150–200 manat, vəzifəli şəxslər üçün isə 2000–2500 manat məbləğində cərimə nəzərdə tutulur. Burada əsas hüquqi meyar ondan ibarətdir ki, səs-küy faktı sübut edildiyi və qanunda müəyyən olunmuş zaman intervalında törədildiyi halda inzibati xəta baş vermiş hesab olunur. Məqsəd sakinlərin gecə istirahət hüququnun qorunması, ictimai asayişin təmin olunması və məişət münasibətlərində qarşıdurmaların qarşısının alınmasıdır”.

Vəkilin sözlərinə görə, səs-küy dayanmazsa, vətəndaş 102-yə müraciət edir və polis faktı yerində yoxlayaraq pozuntu təsdiqlənərsə inzibati tədbir tətbiq edir:
“Səs-küyün dayanmadığı hallarda Vətəndaş “102” xidmətinə və ya ərazi polis bölməsinə müraciət etməklə pozuntu barədə məlumat verir. Bundan sonra polis əməkdaşları hadisə yerinə baxış keçirə bilər, onun gecə vaxtına təsadüf edib-etmədiyini və məişət sakitliyini pozub-pozmadığını qiymətləndirir. Faktın obyektiv şəkildə təsdiq edilməsi inzibati xəta tərkibinin mövcudluğunu hüquqi cəhətdən müəyyən edən əsas şərtdir. Əgər yaranan mübahisə fiziki qarşıdurmaya çevrilərsə, artıq məsuliyyət daha ağır inzibati və ya cinayət tərkibləri üzrə qiymətləndirilə bilər”.
Cəmilə Cəfərzadə






