media-img-20251230-wa0066

Müasir dövrdə sosial media və müxtəlif media platformalarının geniş yayılması insanları məşhur şəxslərlə vizual və emosional olaraq tez-tez təmasda olmağa imkan verir. Bu, bir çox insanın real həyatda heç vaxt tanımadığı müğənni, aktyor və ya digər tanınmış şəxslərə qarşı güclü bağlılıq və fanatlıq hisslərinin formalaşmasına zəmin yaradır.

İnsanların bu bağlılığı sevgi kimi qəbul etməsinin psixoloji səbəbləri nələrdir?

Bu barədə pedaqoq, Valideyn Məktəbi-nin təsisçisi Aysel Rəsulzadə Patrul.az-a açıqlamasında bildirib ki, məşhurlara qarşı sevgi kimi hiss edilən fanatlıq, əslində insanın daxili emosional boşluğunu və aid olma ehtiyacını ideallaşdırılmış obraz üzərindən doldurmaq cəhdidir:

“Ümumiyyətlə, insanların bu gün real həyatda heç vaxt tanımadığı tanınmış bir şəxsə: müğənni, aktyor, blogger və s. -qarşı çox güclü sevgi və bağlılıq hissləri olması müşahidə olunur. Bu hisslər çox vaxt sevgi kimi qəbul edilsə də, mahiyyət etibarilə insanların daxillərindəki emosional ehtiyacların boşluğundan irəli gəlir.Çünki insan beyni belədir: biz ekran qarşısındakı şəxsi bir müddətdən sonra real kimi qəbul edirik. Düşünmürük ki, o, bizə yad bir insandır, uzaq bir insandır; sadəcə olaraq, müəyyən anlarda ekran qarşısında izlədiyimiz bir insandır. Xüsusilə sosial şəbəkələrdəki müsahibələr, kliplər, seriallar, filmlər vasitəsilə biz həmin şəxsi daim görürük və onunla danışırıq, sanki onun emosiyalarına vurulmuş kimi özümüzü zənn edirik. Bu zaman beyində hansısa bir münasibət formalaşır, yəni sanki o iki insan arasında:tanınmış insanla biz arasında: qarşılıqsız, amma real münasibət hissi yaranır. Təbii ki, bu tamamilə reallıqdan uzaqdır. Bu cür bağların əsas səbəblərinin təməlində isə insanın özünə olan sevgi ehtiyacı dayanır. İnsanın daxilində dərin emosional boşluq vardır; bu, uşaqlıqda kifayət qədər diqqət və sevgi görməməkdən irəli gəlir. Xüsusilə tənha böyüyən insanlar bu boşluğu doldurmaq üçün özləri üçün bir məkan, bir obyekt axtarırlar. Tanınmış insanlar isə bu boşluğu müvəqqəti doldura biləcək simvol rolunu oynayır. İnsan özünü dəyərli hiss edir, sanki həmin tanınmış şəxsin yanında görünür. Təbii ki, bu, real münasibətlərə əsaslanmadığı üçün sadəcə müvəqqətidir. Əslində isə insanlar pərəstiş etdikləri tanınmış şəxsi olduğu kimi görmürlər; əksinə, öz daxilində yaratdıqları, ideallaşdırdıqları bir obrazı sevirlər. Bu xüsusilə yeniyetməlik və gənclik dövründə çox rast gəlinir, çünki bu dövr kimlik axtarışı dövrüdür: “Mən kiməm? Kimə aidəm? Haraya aidəm?” kimi suallara cavab axtarılır. Bu axtarış zamanı gənclər ekran vasitəsilə tanınmış şəxslə emosional bağ qurur. Bu bağ, bir növ, onların boşluğunu müvəqqəti doldurur”.

media-img-20251230-wa0065

A.Rəsulzadənin sözlərinə görə, daha çox ailədə emosional sevgi görməyən uşaqlar sosial şəbəkələrdə məşhurlarla süni və müvəqqəti bağlar quraraq daxili boşluqlarını doldurmağa çalışır:

“Sosial şəbəkələr bu prosesi daha da sürətləndirir. Sanki qarşıdakı tanınmış insan ekrandan baxan şəxsin yalnız ona aid olduğunu düşünür; sanki onun dediyi sözlər birbaşa mənə söylənilir, onun nəzərdə tutduğu xüsusi insan mənəm. Bu formada insanın beynində dopamin və digər bağlanma hormonları artır. Bu da, dediyim kimi, müvəqqəti emosional bağları gücləndirir. Yəni nəticədə insan məşhura aşiq olmur, o, sadəcə içindəki boşluğu doldurmağa çalışır. Biz də, valideyn məktəbi və pedaqoq olaraq, bu cür uşaqlarla, yeniyetmələrlə və gənclərlə çox işlədiyimiz üçün görürük ki, bu vəziyyətin kökündə valideynlərin uşaqlara uşaqlıqda doğru düzgün sevgi ötürməməsi, onların emosional boşluqlarını doldurmaması dayanır. Uşaq və yeniyetmə sevgi ehtiyacını ilk olaraq ailədə doldurmalıdır,bu sevgini ailədə görməli, yaşamalı və qəbul edilməlidir. Əgər evdə görünmək, eşidilmək, qəbul olunmaq hissi yoxdursa, uşaq bu ehtiyacı müəyyən bir müddətdən sonra başqa məkanlarda, başqa insanlarda axtarmağa başlayır. Bir sözlə, əgər evdə valideynlərlə övlad arasında emosional bağlılıq azdırsa, sevgi daha çox qadağalar əsasında qurulubsa, uşaq duyğularını ifadə edə bilmirsə və hissləri alçaldılırsa, o zaman ekrandan daxil olan məşhur şəxs uşaq üçün daha təhlükəsiz bir insana çevrilir. Məşhur şəxs evdəkilərdən daha yaxın görünür; sanki o, uşağın boşluğunu daha yaxşı başa düşür və doldura bilir”.

Ekspertə görə, uşaq evdə hiss etmədiyi sevgi və emosional bağlılığı məşhurlarda axtarır və problemin kökü valideyn-övlad münasibətlərindədir:

“Vacib məqam odur ki, uşaq məşhura ona görə bağlanır ki, evdə görmədiyini, hiss etmədiyini həmin şəxsdə daha yaxşı görə bilir. Biz tez-tez deyirik ki, problem telefonda, serialda, filmdə, müğənnidə və ya bloggerlərdə deyil. Problem odur ki, evdə emosional bağlar zəifləyəndə uşaq bu əlaqəni avtomatik olaraq başqa yerdə axtarmağa çalışır. Bu uşağın günahı deyil; bu, böyüklərin, valideynlərin məsuliyyətidir. Uşaq məşhura bağlananda biz ona “niyə onu sevirsən?” sualını verməməliyik. Bunun əvəzinə, düşünməliyik ki, evdə hansı sevgi çatışmır. Uşaq bizdən yetərincə sevgi və emosional bağlılığı görmür.Son olaraq deyim ki, uşağın sevilməsi yetərli deyil; uşaq sevildiyini hiss etməlidir. “Mən səni sevirəm” demək kifayət deyil; bunu uşaq davranışımız, münasibətimiz və diqqətimizlə hiss etməlidir. Dinlənən, qəbul olunan və dəyər verilən uşaq, yeniyetmə və gənc, bu emosional acılığı ekranda və ya başqa yerlərdə deyil, real münasibətlərdə, ailədə və digər yaxınlarının yanında dolduracaq. Beləliklə, bir çox problem həll olunmuş olacaq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər