"Məşhurluq süni şəkildə alınıb-satılan anlayışa çevrilib" - AÇIQLAMA
Son illər sosial şəbəkələrin sürətli inkişafı və kütləvi informasiya vasitələrinin təsir gücünün artması cəmiyyətdə məşhurluq anlayışına münasibəti ciddi şəkildə dəyişib. Bir vaxtlar uzun illərin zəhməti, peşəkarlıq və istedadla qazanılan tanınma bu gün bəzən ani diqqət və görünürlük üzərində qurulur. Rəqəmsal platformalar hər kəsə özünü nümayiş etdirmək imkanı versə də, bu prosesin fərdlərin psixologiyasına və davranışlarına təsiri getdikcə daha çox müzakirə olunur. İctimai diqqətin sürətlə qazanılması və eyni sürətlə itirilməsi bəzi hallarda insanları sosial və mənəvi risklərlə üz-üzə qoyur.
Bu baxımdan sual yaranır: İnsanlar hansı amillərin təsiri ilə məşhurluğun qurbanına çevrilirlər?
Bu barədə Patrul.az-a açıqlamasında sosioloq İlkin Məmmədkərimov bildirib ki, bu gün məşhur olmaq üçün istedad və zəhmətdən çox, sosial şəbəkələrdə görünürlük və maliyyə imkanları həlledici rol oynayır:
“Məsələ burasındadır ki, bu gün məşhur olmaq çox asandır. Məsələn, “TikTok” sosial şəbəkəsində bir hesab yaratmaq və hansısa səviyyəsiz hərəkət etmək kifayətdir ki, insan anındaca məşhurlaşsın. Jurnalistikada buna “sarı mətbuat” deyirik. Xəbər “instagram”da fəaliyyət göstərən səhifələr tərəfindən paylaşılır və insan asanlıqla tanınır. Şou-biznes sahəsində isə müğənni olmaq istəyən bir insan üçün bu gün artıq istedada, hətta səsə belə ehtiyac yoxdur. İndiki dövrdə istənilən səs yazma studiyasında hər kəs sözün əsl mənasında ağzına gələni oxuyaraq səsini yazdırır, daha sonra fonoqramla efirlərə çıxır. Bu gün efirlərdə hər bir verilişin, hətta hər saatın belə öz qiyməti var. Həmin pulu ödəyən şəxs efirə çıxır, nəticədə məşhurlaşır”.

Sosioloqun fikrincə, cəmiyyətdə maddi imkanların və süni tanınmanın ön plana çıxması istedad anlayışını arxa plana keçirərək məşhurluğu asan əldə olunan, lakin dəyəri mübahisəli bir anlayışa çevirir:
“Bu gün elə “müğənnilər” var ki, onlar canlı oxuya bilmir, yalnız fonoqramdan istifadə edirlər. Bununla belə, “YouTube”da müxtəlif şirkətlərin dəstəyi ilə onların ifaları yayımlanır və milyonlarla insan tərəfindən izlənilir. Ən böyük problem də məhz budur: həmin şəxslər asan yolla məşhur olduqları üçün canlı oxuya bilmədikləri halda belə, yüksək qiymətlə toylara dəvət olunurlar.
İnsanlar min bir əziyyətlə qazandıqları pulları həmin bu “məşhurlara” verirlər. Bugünkü reallıqda məşhur olmaq üçün istedadın və ya səsin olması şərt deyil. Sadəcə pul və sponsorluk kifayətdir ki, efirə çıxıb məşhur olub”.
Cəmilə Cəfərzadə






