Metro yay qrafikinə keçir
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
Patrul.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının azalmasını nəzərə alınaraq, qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq.
“Dəyişiklikdən sonra “28 May−Əhmədli” sahəsində qatarlararası interval iş günləri pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə olacaq.
“Bakmil” və geri istiqamətdə hərəkət cədvəli Bakı metropoliteninin saytında dərc ediləcək. Bənövşəyi xətt, həmçinin “Cəfər Cabbarlı−Xətai” və “Həzi Aslanov−Əhmədli” mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək.
Nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Yay hərəkət qrafiki yeni tədris mövsümü başlanana qədər qüvvədə olacaq” , – məlumatda qeyd edilib.






