Moskva-Kiyev danışıqlarında ABŞ-nin artan rolu müharibənin taleyini dəyişəcəkmi? - ŞƏRH
2022-ci ilin 24 fevral tarixində başlayan Rusiya–Ukrayna müharibəsində tərəflər hələ də ortaq masaya oturmaqdan çəkinirlər. Bir çox münaqişələrin həllinə ev sahibliyi edən ABŞ-nin Tramp administrasiyası isə Kiyev və Moskva arasında ortaq məxrəc əldə olunması məqsədilə tərəflərlə ayrı-ayrılıqda təmaslar qurmağa çalışır. Bu cür təmaslardan biri də dekabrın 2-də Moskvada Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin Vladimir Putinlə görüşü olub. Beş saat davam edən danışıqlarda Moskvaya 28 bəndlik plandan əlavə, daha dörd sənəd də təqdim edilib.
İndi isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ rəsmiləri arasında görüşün keçiriləcəyi gözlənilir.
Maraqlıdır, ABŞ vasitəçiliyi ilə aparılan bu aktiv təmaslar müharibənin yaxın vaxtlarda yekunlaşmasına yol aça bilərmi?
İlkin ehtimallar barədə Patrul.az-a danışan politoloq Turan Rzayevin fikrincə, ABŞ-nin təklif etdiyi saziş tam qəbul edilmədiyi üçün danışıqlar hələ bir müddət davam edəcək:
“Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ rəsmiləri arasında baş tutan görüşün Rusiya-Ukrayna müharibəsini bitirmək ehtimalı çox azdır. ABŞ tərəfindən sülh sazişi təklif edilsə də, Avropa İttifaqı ölkələri bunu qəbul etmir. Onlar hesab edirlər ki, saziş Ukraynanın ərazi bütövlüyünə hörmətsizlikdir. Daha sonra sözügedən sazişin bəzi maddələrinin dəyişdirildiyi də qeyd olunub. ABŞ həmçinin Rusiyanı da razı salmağa çalışır”.

T.Rzayevin sözlərinə görə, müharibənin dayandırılmasının əsas şərti həm Kiyevin, həm də Moskvanın qarşılıqlı güzəştlərə hazır olmasıdır. Onun fikrincə, hazırda Rusiya maksimalist mövqedən çıxış etdiyi üçün proses uzanır:
“Ümumiyyətlə, Kreml söz üzərində hər şeyi etməyi sevən tərəfdir. Yəni Amerikanın irəli sürdüyü təklifi Rusiya qəbul edə bilər. Amma bu, birdəfəlik təklif olmalıdır. Başqa sözlə desək, Moskva hökuməti hər hansı sazişin dəyişdirilməsini və ya uzun diplomatik müzakirələrin aparılmasını sevmir. Bir sözlə, Rusiya məsələyə maksimalist yanaşır.
Bu münaqişənin həlli üçün tərəflərin qarşılıqlı kompromisə getməsi lazımdır. Əgər Ukrayna öz ərazilərinin bir hissəsindən imtina edərək de-fakto işğalı qəbul edirsə, Rusiya tərəfi də eyni qaydada kompromis etməlidir. Lakin Kreml maksimalist mövqedə qalır və bu da sülh prosesini uzadır.
Son olaraq qeyd edim ki, ABŞ nümayəndələrinin Moskvaya səfərinin yaxın vaxtlarda real nəticə verəcəyini düşünmürəm. Fikrimcə, tərəflər arasındakı danışıqların hələ uzun müddət davam edəcəyi gözlənilir və bu proseslərin 2026-cı ildə də sürəcəyi istisna edilmir”.
Gülbəniz Səfərova






