Mübahisəli 50 manat: Qırmızı işıqda telefondan istifadə inzibati xəta sayılır? - VƏKİL AÇIQLAMASI
Yol hərəkəti zamanı sürücülərin diqqətinin yayınmasına səbəb olan əsas amillərdən biri mobil telefon istifadəsidir. Bu səbəbdən qanunvericilik hərəkət halında olan nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadəni qadağan edir və bunu yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk kimi qiymətləndirir. Lakin praktikada tez-tez belə bir vəziyyətlə qarşılaşılır: nəqliyyat vasitəsi hərəkətdə deyil, məsələn, işıqforda dayanıb və qırmızı işıq yanır. Bu halda sürücünün telefondan istifadə etməsi bəzən mübahisəli məqamlara səbəb olur və hüquqi yanaşmalar fərqli qiymətləndirilə bilər.
Bəs işıqforda qırmızı işıq yanarkən avtomobildə telefondan istifadə edən sürücünü məsuliyyət gözləyirmi?
Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, qırmızı işıqda dayanmış avtomobil hərəkətdə hesab olunmadığından, bu halda 342.6-cı maddə üzrə məsuliyyətin tətbiqi mübahisəlidir:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən:
“Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə edilir.”
Normanın dispozisiyasından göründüyü kimi, məsuliyyətin yaranması üçün iki əsas şərt mövcuddur:
– nəqliyyat vasitəsinin hərəkətdə olması;
– telefonun əldə saxlanılaraq istifadə edilməsi.
Mübahisə “hərəkət zamanı” anlayışının izahı ilə bağlıdır. Qırmızı işıqda avtomobil faktiki olaraq dayanmış vəziyyətdə olur. Bu halda sürücünün hərəkətdə olub-olmaması hüquqi baxımdan qiymətləndirilməlidir. Qanunun sözbəsöz (dar) şərhinə görə: avtomobil dayanıbsa, o hərəkətdə deyil, beləliklə, maddənin dispozisiyası tam formalaşmır”.
N. Əliyev qeyd edir ki, digər yanaşmaya görə, qırmızı işıqda dayanma müvəqqəti xarakter daşıdığından sürücü yol hərəkətində iştirakını davam etdirir və təhlükəsizlik baxımından telefondan istifadə 342.6-cı maddə üzrə inzibati xəta hesab olunur:
“Digər yanaşmaya görə sürücü qırmızı işıqda dayanmasına baxmayaraq yol hərəkətində iştirakını davam etdirir, dayanma müvəqqəti xarakter daşıyır, telefondan istifadə sürücünün diqqətini yayındıraraq təhlükə yaradır.
Bu səbəbdən normanın məqsədi – yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi – əsas götürülərək məsuliyyət tətbiq edilir.
Təcrübədə qırmızı işıqda dayanan sürücünün telefondan istifadəsini əksər hallarda inzibati xəta kimi rəsmiləşdirilir, 50 manat məbləğində cərimə tətbiq olunur. Bundan əlavə, müasir müşahidə kameraları da bu pozuntunu qeydə ala bilir. Belə hallarda inzibati tənbehə qarşı şikayət verilərsə müdafiə tərəfi “hərəkət yox idi” arqumentinə istinad edə bilər normanın geniş şərhinin yolverilməzliyi vurğulana bilər”.

Hüquqşünasın sözlərinə görə, qırmızı işıqda dayanarkən telefondan istifadə praktikada inzibati məsuliyyət yarada bildiyindən, ən təhlükəsiz və düzgün davranış sükan arxasında telefondan ümumiyyətlə istifadə etməməkdir:
“Hüquqi mübahisələrdən və mümkün cərimələrdən yayınmaq üçün telefona ümumiyyətlə əl vurmayın.
Qırmızı işıqda olsanız belə, sükan arxasında telefondan istifadə etmək risklidir. Bluetooth, avtomobilin multimedia sistemi və ya qulaqlıq vasitəsilə danışıq daha təhlükəsiz və qanunauyğundur. Vacib hallarda avtomobili kənara çəkin, zəngə cavab vermək və ya mesaj yazmaq zəruridirsə, avtomobili yolun kənarında tam dayandırın və park edin, bundan sonra telefondan istifadə edin. Qanunda müəyyən qeyri-müəyyənlik olsa da, praktikada cərimə tətbiq olunduğundan “dayanmışdım” arqumenti sizi məsuliyyətdən azad etməyə bilər.
Beləliklə, işıqforda qırmızı işıq yanarkən telefondan istifadə məsələsi qanunun mətninə görə müəyyən dərəcədə mübahisəli olsa da, hüquqtətbiqetmə praktikasında bu hal inzibati məsuliyyət yaradan pozuntu kimi qiymətləndirilir. Bu səbəbdən sürücülərin ən təhlükəsiz və hüquqi baxımdan düzgün davranışı – sükan arxasında, o cümlədən işıqforda dayanarkən belə telefondan istifadə etməməkdir”.
Cəmilə Cəfərzadə






