"Müharibə uzandıqca işğalın miqyası da genişlənir" - ŞƏRH
2022-ci ildən başlanan Rusiya-Ukrayna müharibəsində tərəflər arasında əvvəllər heç olmadığı qədər təmaslar artıb. Bunlardan ən önəmlisi isə 2025-ci il yanvarın 23 və 24-ü tarixlərində Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında baş tutan üçtərəfli görüşlərdir. Rus-Ukrayna müharibəsini müzakirə etmək məqsədilə rəsmi nümayəndələr arasında keçirilən bu görüşlərin “gözləniləndən də yaxşı” keçdiyi bildirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da açıqlamasında Ukraynadakı münaqişə tərəflərinin sülh razılaşmasına yaxınlaşdıqlarını bildirib. Onun sözlərinə görə, hazırda bir neçə nizamlanma ssenarisi müzakirə olunur, lakin əsas mübahisə mövzusu Donbasla bağlı ərazi məsələsi olaraq qalır.
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti üçtərəfli görüşün fevralın 1-də baş tutacağını açıqlayıb.
ABŞ administrasiyasındakı mənbə isə yaxın vaxtlarda Vladimir Putinlə Zelenski arasında da görüşün baş tutacağını bildirib.
Hər iki liderin danışıqlar masasına oturması dörd gözlə gözlənilərkən, cəbhədən dəhşətli görüntülər yayılmaqda davam edir. 2022-ci ildən bu yana müharibədə 1 milyondan çox insanın həlak olduğu bildirilir.
Maraqlıdır ki, artan təmaslar fonunda müharibənin bitməsi yaxındırmı?
Bu barədə Patrul.az-a açıqlama verən politoloq Turan Rzayevin fikrincə, müharibənin sona çatması üçün Əbu-Dabi kimi müsbət nəticəli görüşlər çoxluq təşkil etməlidir:
“Əbu-Dabi görüşü Rusiya-Ukrayna müharibəsinin gedişatında baş tutan mühüm görüşdür. Çünki tərəflər ABŞ vasitəsilə bir araya gələrək məsələni müzakirə edirlər. Amma müharibənin sona çatması, sülhün əldə olunması məqsədilə keçirilən bu tipli görüşlər bir neçə məsələdən ibarət deyil”.

Politoloqun sözlərinə görə, müharibənin uzanması cəbhədə vəziyyəti daha da gərginləşdirir:
“Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi uzandıqca işğalın miqyası da genişlənir. Bu isə mövcud vəziyyəti daha çıxılmaz hala salır. Yəni Ukraynanın prinsipial mövqeyi, Rusiyanın üstüörtülü danışması və maksimalist yanaşma tərzi proseslərin dalana dirənməsinə səbəb olur”.
T. Rzayev son olaraq Rusiya-Ukrayna arasındakı məsələlərin mürəkkəbliyini xatırladıb:
“Amerika tərəfi burada həm təzyiq, həm də kompromis əsaslı sülhə razı salmağa çalışır. Amma digər tərəfdən, hələlik ortaq məxrəcə gəlinməyib. Yəni format olaraq aparılan danışıqlar hələlik qənaətbəxşdir, lakin konkret nəticədən danışmaq üçün tezdir. Hesab edirəm ki, Vaşinqtonun təzyiqi fonunda Əbu-Dabi kimi tərəflər arasında görüşlər artarsa, ortaq məxrəcə gəlmək mümkün ola bilər. Bunu isə qısa zamanda gözləmək düzgün olmaz. Çünki Moskva-Kiyev arasındakı proseslərin həlli müəyyən vaxt tələb edən mürəkkəb məsələdir”.
Gülbəniz Səfərova






