Nə üçün “yox” deməyi bacarmırıq? - PSİXOLOJİ SƏBƏBLƏR
Bir çox insan başqalarını incitməmək, münasibətləri korlamamaq və ya “pis insan” kimi görünməmək üçün istəmədiyi halda belə “hə” deməyə məcbur qalır. Zamanla bu vərdiş daxili narahatlıq, yorğunluq və özündən narazılıq hissi yaradır. Əslində “yox” deyə bilməmək sadəcə nəzakət məsələsi deyil, çox vaxt insanın psixoloji durumundan qaynaqlanır.
Bəs “yox” deməkdə çətinlik çəkmək hansı daxili qorxularla və psixoloji problemlərlə əlaqəlidir?
Mövzu ilə bağlı Patrul.az-a danışan psixoloq Zeynəb Əyyubovanın sözlərinə görə, çox zaman “yox” deyə bilməməyin kökündə itirmək, sevilməmək, dəyərsiz görünmək, münasibətləri pozmaq qorxusu dayanır:
“Uşaqlıqdan “yaxşı uşaq” olmağa öyrədilən, valideyn sevgisini şərtli şəkildə alan insanlar sonradan başqalarını razı salmağı öz ehtiyaclarından üstün tuturlar. Onlar üçün “yox” demək eqoizm kimi hiss olunur, halbuki bu, sağlam sərhəddir.
Adətən bu xüsusiyyət empatik, məsuliyyətli, vicdanlı insanlarda daha çox rast gəlinir. Xüsusilə yüksək həssaslığa malik olanlar, tənqidə dözümsüz, konfliktlərdən qaçan şəxslər və öz dəyərini başqalarının razılığı üzərindən ölçən insanlar “yox” deməkdə çətinlik çəkirlər. Onlar başqasını incitməkdən qorxduqları üçün özlərini incitməyi seçirlər”.

Psixoloq bildirib ki, bunun öhdəsindən gəlmək üçün ilk addım daxili icazə verməkdir:
“Yəni, insan hər kəsi məmnun etmək məcburiyyətində olmadığını qəbul etməlidir. “Yox” demək münasibəti yox etmir, sadəcə onun sərhədlərini müəyyənləşdirir. Praktik olaraq isə kiçik addımlarla başlamaq faydalıdır — hər xahişə dərhal cavab verməmək, düşünmək üçün vaxt istəmək, qısa və izahsız “yox” deməyi məşq etmək. İnsan öz ehtiyaclarını nə qədər aydın tanıyırsa, “yox” bir o qədər asan və günahsız səslənir.
Ən vacibi isə anlamaqdır ki, sağlam münasibətlər “həmişə bəli” üzərində yox, dürüstlük və sərhədlər üzərində qurulur. “Yox” deyə bilən insan əslində həm özünə, həm də qarşısındakına daha dürüst davranır”.
Ləman Sərraf






