Nərimanovda evlər söküldü, sakinlər çətin vəziyyətdə qaldı - VİDEO
Paytaxtın Nərimanov rayonu, Montin qəsəbəsində baş verən söküntü ilə bağlı yaranmış vəziyyət sosial narazılığa səbəb olub.
Patrul.az xəbər verir ki, ərazidə yerləşən və ümumilikdə 161 ailənin yaşadığı fərdi yaşayış evləri sökülüb. Sakinlər iddia edirlər ki, indiyədək onlara heç bir kompensasiya ödənilməyib.
Nəticədə evsiz qalan ailələr çətin vəziyyətlə üzləşib. Onların bir qismi kirayə mənzillərdə məskunlaşsa da, digərləri qohumlarının evinə sığınmaq məcburiyyətində qalıb.
Sakinlərin sözlərinə görə, söküntüdən əvvəl əraziyə Nərimanov Rayon İcra Hakimiyyəti və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri tərəfindən baxış keçirilib. Bildirilir ki, baxış zamanı hər kvadratmetr üçün 2000–2700 manat aralığında kompensasiya ödəniləcəyi vəd edilib. Lakin iddialara əsasən, baxışdan təxminən bir ay sonra əraziyə texnika cəlb olunaraq evlər sökülüb və bu günə qədər sakinlərə heç bir ödəniş edilməyib.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Patrul.az-a açıqlama verilib. Qurumdan bildirilib ki, dəmir yollarının mühafizə zonasında tikilən obyektlər və yaşayış sahələrindəki tikililərlə bağlı davamlı olaraq monitorinqlər həyata keçirilir. Qanunvericiliyə əsasən, mühafizə zonasında hər hansı tikinti qanunsuz hesab olunur və həmin ərazilərdə yerləşən yaşayış və qeyri-yaşayış obyektləri sənədsiz sayılır. Çünki bu zonalarda tikililərə mülkiyyət sənədlərinin verilməsi qanunvericiliyə uyğun deyil.
Açıqlamada qeyd olunub ki, sözügedən ərazidə də illər əvvəl mühafizə zonasında qanunsuz tikililərin inşası və məskunlaşma halları ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və ötən ilin iyun ayında bununla bağlı müvafiq tədbirlər görülüb.
Həmçinin bildirilib ki, ərazidə yerüstü piyada keçidlərinin tikilməsi təhlükəsizlik məqsədi daşıyıb. Belə ki, mühafizə üçün hasarlar quraşdırıldıqdan sonra ərazidə yaşayan insanların hərəkətini təmin etmək məqsədilə hər iki istiqamətdə iki yerüstü piyada keçidi inşa edilib.






