media-inshot_20250922_133416823

Əvvəllər Azərbaycandakı bir çox ali təhsil müəssisələrində dərs həftəsi 5 gün idi, lakin bəzi universitetlərdə bu həftəlik dərs sayı 4 günə endirilib.

Maraqlıdır ki, dərs günün azaldılmasına səbəb nədir? 4 günlük dərs həftəsi tələbələr üçün daha əlverişli şərait yaradırmı, yoxsa bu sadəcə təşkilati dəyişiklikdir?

Təhsil eksperti Elçin Süleymanov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, ali məktəblərdə bəzi universitetlərin 4 günlük sistemə keçməsi tələbələr üçün müsbət təsir göstərir, çünki bu, onlara dərslərlə yanaşı kurslar və hazırlıq üçün əlavə vaxt yaradır:

media-a815565fabc7a6a35c4210ee52efe04e-1

“Ali məktəblərdə bəzi universitetlərin 4 günlük sistemə keçməsinin tələbələr üçün kifayət qədər müsbət təsiri var. Çünki onlar yalnız universitet təhsili deyil, eyni zamanda müəyyən kurslar, hazırlıq, təcrübə və məqsədli dil hazırlığı üçün də bir günlərini dəyərləndirmək istəyirlər. Ümumiyyətlə, əksər universitetlərdə tədris 3 və ya 4 gün olur. Çünki kreditli sistemdə 30 AKTS əsasən 18–22 saat arası təşkil edir. Buna görə də universitetlərin bu şəkildə müəyyən günləri əhatə edən proqramları tələbələrin 1 və ya 2 gününü boşaltması, dediyim kimi, fərdi inkişaf üçün müxtəlif kurslara vaxt ayırmalarına köməklik edir.Eyni zamanda, bu, imtahana hazırlaşmaq və qarşıdakı dərslərə hazırlıq üçün də əlavə zaman yaradır”.

E. Süleymanov dərs günlərinin azaldılmasının universitetlər üçün  faydası isə auditoriyaların səmərəli istifadəsini təmin etməsi olduğunu vurğulayıb:

“Universitetlər üçün faydası isə auditoriyaların effektiv bölüşdürülməsinə kömək etməsidir. Qeyd etdiyim kimi, əslində bu, bir çox universitetdə əvvəllər də mövcud idi, amma son illərdə həm bakalavr, həm də magistr proqramına yenidən baxılması ilə dərs yüklərinin optimallaşdırılması həyata keçirildi. Nəticədə bir neçə universitetdə, o cümlədən ənənəvi və 100 illik tarixə malik Bakı Dövlət Universitetində bu sistemin tətbiqi tələbələrin faydasına oldu.

Yəni, bir gün tədrisin olmaması həmin gün üçün tələbələrin şəxsi işlərinə, kitabxanaya getməsinə, müxtəlif kurslarda iştirak etməsinə imkan yaradır. Çünki bəzən bu işlər 6-cı günə düşür, amma həmin gün bəzi dövlət idarələri işləmir. Həmçinin kursların 2 gün olması səbəbindən biri 6-cı gün olsa da, digəri həftə içində vaxt ayırmaqla mümkün olur. Bu baxımdan düşünürəm ki, sistem tələbələr üçün faydalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər