Niyə bəzi hadisələri heç vaxt unuda bilmirik? - Psixoloqdan maraqlı izah
Bəzi xatirələr zaman keçsə də yaddaşımızdan silinmir, çünki insan beyni xüsusilə güclü emosiyalarla – sevinc, qorxu, travma və ya həyəcanla bağlı olan hadisələri daha dərin şəkildə yadda saxlayır; bu xatirələr bəzən gündəlik qərarlarımıza, davranışlarımıza və hətta emosional vəziyyətimizə təsir edə bilir.
Bəs bu cür xatirələrin yaddaşda qalmasının psixoloji mexanizmləri nələrdir və onların gündəlik həyatımıza təsirini necə izah etmək olar?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, güclü emosiyalarla bağlı xatirələr beyin tərəfindən daha dərin kodlandığı və tez-tez xatırlandığı üçün illər keçsə də yaddaşda qalır:
“Bəzi xatirələrin illər keçsə də silinməməsinin əsas səbəbi onların güclü emosional yüklə bağlı olmasıdır. İnsan beyni neytral məlumatları tez unuda bilər, amma güclü hisslərlə qorxu, sevinc, utanc, ağrı və ya sevgi ilə müşayiət olunan hadisələri daha dərin şəkildə yadda saxlayır. Bu, beynin qoruyucu mexanizmidir: “vacib olanı unutma” prinsipi ilə işləyir.
Psixoloji baxımdan burada iki əsas faktor rol oynayır. Birincisi, emosional intensivlikdir. Güclü emosiyalar zamanı beyin həmin anı daha “kəskin” kodlayır. İkincisi isə təkrar düşünmədir. İnsan bəzi xatirələri şüuraltı olaraq tez-tez xatırlayır, analiz edir və ya onlara qayıdır. Bu da həmin xatirəni daha da möhkəmləndirir.
Xüsusilə travmatik xatirələr fərqli şəkildə yadda qalır. İnsan onları unutmaq istəsə də, bəzən istəmədən yada düşür, çünki beyin həmin hadisəni tam “emal edə bilməyib”. Bu halda xatirə sanki açıq qalmış fayl kimi qalır və müxtəlif situasiyalarda yenidən aktivləşir”.

Psixoloq qeyd edir ki, xatirələr gündəlik həyata həm müsbət, həm də mənfi təsir edə bilər, amma əsas məqsəd onları silmək yox, sağlam şəkildə qəbul edib emosional təsirini azaltmaqdır:
“Bu cür xatirələr gündəlik həyata həm müsbət, həm də mənfi təsir göstərə bilər. Müsbət xatirələr insana güc verir, motivasiya yaradır və kimlik hissini möhkəmləndirir. Amma neqativ və ya travmatik xatirələr narahatlıq, qorxu, özünə inamsızlıq və bəzi hallarda davranış məhdudiyyətləri yarada bilər. İnsan fərqində olmadan bəzi vəziyyətlərdən qaçmağa başlayır və ya həddindən artıq reaksiya verir.
Psixoloji baxımdan məqsəd xatirəni silmək deyil, onu sağlam şəkildə “yerləşdirməkdir”. Yəni insan həmin hadisəni qəbul etməyi, ona fərqli baxmağı və emosional təsirini azaltmağı öyrənir. Bu proses bəzən zamanla öz-özünə baş verir, bəzən isə psixoloji dəstək tələb edir”.
Cəmilə Cəfərzadə






