Diqqəti cəmləmək niyə çətinləşib? - SƏBƏBLƏRİ AÇIQLANDI
“Son dövrlərdə insanlarda diqqət çatışmazlığı çox aktual mövzulardan biridir. Artıq demək olar ki, hər kəsdə bu diaqnoz qoyulur. Halbuki diqqət əksikliyi əsasən uşaqlarda rast gəlinən ciddi bir xəstəlikdir və bu, ya simptom, ya da müəyyən pozuntuların kölgə əlaməti kimi qiymətləndirilir. Elə bir sıra ciddi psixoloji pozuntular və psixi xəstəliklər var ki, onların fonunda insan özünüidarəni itirir”.
Bu sözləri Patrul.az-a açıqlamasında insanlarda diqqət çatışmazlığının psixoloji səbəblərini izah edən psixoloq Ülviyyə Murtuzova deyib.
Onun sözlərinə görə, insanlarda diqqət çatışmazlığı beynin ön – frontal payında baş verən yüklənmələr nəticəsində formalaşır:
“Frontal beyin payı insanın qavrama mərkəzidir. Diqqətin bir nöqtəyə fokuslanması, nəyi, niyə danışdığını dərk etməsi, eləcə də verilən sualın mahiyyətini anlaması birbaşa bu sahənin fəaliyyəti ilə bağlıdır. Fiziki və mənəvi yüklənmə, psixoloji və emosional gərginlik zamanı bu funksiyalar zəifləyir. Bəzi ciddi xəstəliklərin fonunda psixoloji pozuntular beynin koordinasiya əlaqələrini pozur. Nəticədə insan özünüidarəni itirir, davranış pozuntuları yaranır, sosiallaşma çətinləşir və ünsiyyətdən qaçma meyli formalaşır. Bütün bunlar psixi xəstəliklərin fonunda meydana çıxır”.

Psixoloqun fikrincə, hər hansı bir insanda müşahidə olunan diqqət çatışmazlığı müəyyən psixoloji pozuntunun nəticəsidir:
“Biz psixologiyaya bəzən səthi yanaşırıq. Halbuki insan psixologiyası olduqca ciddi və diqqət tələb edən sahədir. Təşviş, həyəcan, narahatlıq, nevrotik pozuntular, ağır panikalar, panik-ataklar, depressiya, obsessiv-kompulsiv pozuntu, hətta ciddi şəxsiyyət pozuntularına qədər uzanan hallar insanın idarəetmə mexanizmini sıradan çıxarır. Bu zaman insan həyatla olan bağlarını zəiflədir, reallıqla gerçəklik arasındakı fərqi dərk etməkdə çətinlik çəkir.
Sadalanan hallar nəticədir. Bunları yaradan əsas səbəblər isə psixoloji pozuntulardır və mütləq araşdırılmalıdır. Maarifləndirici çıxışlar olmalıdır ki, bu problemləri yaşayan insanlar öz vəziyyətlərini dərk etsinlər. Yaddaş sürüşməsi, unutqanlıq və hafizə itkisi isə ayrıca mövzulardır və bunların diaqnostikasını yalnız mütəxəssislər aparmalıdır.
Əgər diqqət dağınıqlığı bu formada müşahidə olunursa, bilin ki, bu hansısa problemin əlamətidir və müəyyən xəstəliyin kölgəsində ortaya çıxan bir təzahürdür. Bu, ciddi bir həyəcan siqnalıdır. Problemin kökündə duran səbəblər araşdırılmalıdır. Nə qədər çox bilikli mütəxəssislər danışsa, cəmiyyət bir o qədər maariflənər. Əks halda insanlar bunu adi və bəsit bir hal kimi qəbul edər. Bu sırf psixoloji göstəricidir və müalicə psixoloq, psixoterapevt və ya psixiatr tərəfindən aparılmalıdır”.
Gülbəniz Səfərova






