Niyə özümüzü bir pinqvində görürük? – PSİXOLOJİ İZAH
Son günlərdə Werner Herzogun Antarktidada lentə aldığı məşhur sənədli filmdə sürüdən ayrılaraq təkbaşına naməlumluğa, əslində isə ölümə doğru addımlayan pinqvin səhnəsi ilə tez-tez rastlaşırıq. Bu kadr təkcə bir heyvanın instinktiv davranışı deyil, zamanla kollektiv tənhalığın, içimizdə daşıdığımız susqun ayrılığın simvoluna çevrilib. Maraqlıdır ki, insanlar bu səhnəyə baxarkən sadəcə pinqvini izləmir, çox vaxt özlərini onun yerində görürlər.
Bəs nə üçün bu obraz bizə bu qədər tanış gəlir? Niyə bəzən sürüdən ayrılan, hamının getdiyi yoldan çıxan bir pinqvin insanın daxili dünyasında dərin rezonans yaradır?
Mövzu ilə bağlı Patrul.az-a danışan psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, bu sualın geniş rezonans doğurması təsadüfi deyil:
“Söhbət təkcə bir pinqvin səhnəsindən yox, insan psixikasının çox dərin qatlarına toxunan simvolik bir obrazdan gedir. Werner Herzogun Antarktidada çəkdiyi sənədli filmdə sürüdən ayrılaraq bilinməyən istiqamətə doğru irəliləyən pinqvin obrazı, əslində, bioloji davranışdan daha çox ekzistensial bir metafora kimi yadda qalır. Alimlərin də qeyd etdiyi kimi, bu davranış pinqvinlərdə nadir, izahı çətin və nəticəsi dəyişməz olan bir haldır. Amma insanları sarsıdan məhz bu faktoloji tərəf yox, onun emosional və psixoloji yüküdür”.
Psixoloqun sözlərinə görə, insanlar bu pinqvində öz daxili vəziyyətlərini görürlər:
“Çünki müasir insan da özünü çox zaman ‘sürünün içində tənha’ hiss edir. Sosial əlaqələrin çoxluğu, informasiya bolluğu, daimi ünsiyyət illüziyası fonunda insanın daxili boşluq və mənasızlıq hissi daha da dərinləşir. Pinqvinin sürüdən ayrılması, ətrafdakılar tərəfindən nə saxlanılması, nə də izlənilməsi bir növ görünməzliyə işarədir. Bu, ‘məni görən varmı?’, ‘getdiyim yolun fərqinə varan varmı?’ suallarının vizual ifadəsidir.
Bu obraz eyni zamanda psixoloji tükənmişliyi də xatırladır. İnsan bəzən həyatda məntiqli, təhlükəsiz və ‘hamı kimi’ olan yolu deyil, özünü məhvə aparacağını bildiyi halda belə, başqa bir istiqaməti seçir. Bu seçim hər zaman ölümə yönəlmiş olmur; bəzən sadəcə dözülməz bir vəziyyətdən çıxmaq, daxili ağrını susdurmaq cəhdidir. Pinqvinin səssiz irəliləyişi də məhz bu səssiz, qışqırmayan, izah etməyən, sadəcə gedən etirazı simvolizə edir”.
Elnur Rüstəmov qeyd edib ki, insanların bu səhnəni paylaşması, şərh etməsi və öz həyatları ilə əlaqələndirməsi kollektiv emosional identifikasiyanın göstəricisidir:
“Bu, ‘mən tək deyiləm’ deməyin dolayı yoludur. Pinqvin burada fərdiyyətin, yadlaşmanın, daxili çağırışın və bəzən də insanın öz-özünü anlamadan seçdiyi yolun simvoluna çevrilir. Ona görə də bu səhnə hər dövrdə yenidən gündəmə gəlir. Çünki insanın daxili sualları dəyişmir, sadəcə onların ifadə forması dəyişir. Bu pinqvin obrazı bizə bir həqiqəti xatırladır: insan yalnız fiziki olaraq deyil, mənəvi olaraq da sürüdən ayrıla bilər. Ən təhlükəlisi isə budur ki, bu ayrılıq çox zaman kənardan görünmür. Pinqvin səhnəsinin gücü də məhz buradadır – o, izah etmir, amma hər kəsə tanış olan bir hissi səssizcə göstərir”.
Ləman Sərraf






