Ödənişi etsələr də, radiatorları soyuqdur - Xətaidə mənzillərə normal istilik verilmir
Bakı şəhəri, Xətai rayonunun Lütfizadə küçəsindəki yaşayış binalarında istilik sistemlərinin qaz təminatında problemlər müşahidə olunur.
Patrul.az xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin vətəndaşların qazın ödənişini mütəmadi olaraq həyata keçirmələrinə baxmayaraq, mənzillərdə faktiki olaraq istilik təmin edilmir.
Şikayətçilər bildirirlər ki, qaz tarifləri artırılsa da, radiatorlar soyuq qalır.
Qış mövsümündə xüsusilə çətin vəziyyətdə qaldıqlarını deyən sakinlər “Azəristilik”dən mənzillərin istilik sistemini fasiləsiz təmin olunmasını xahiş edirlər.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən hələlik rəsmi açıqlama verilməyib.
Onu da qeyd edək ki, redaksiyamıza Lütfizadə küçəsində yerləşən yaşayış binalarına aid istilik sisteminə məxsus köhnə və paslanmış boruların fotomaterialları təqdim olunub. Şəkillərdə borunun zədələnmiş hissəsində su sızmasının qarşısını almaq üçün taxta parçası ilə qeyri-peşəkar şəkildə tıxanma aparıldığı müşahidə edilir ki, bu da istilik sisteminin normal fəaliyyətinə ciddi maneə yaradır.

Gülbəniz Səfərova






