media-inshot_20250917_162103675

Azərbaycanda son bir neçə ildə məktəblilər arasında zorakılıq halları nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə bu cür halların təhsil müəssisələrində baş verməsi ictimaiyyətin narahatlığına səbəb olur. Yeni tədris ilinin əvvəlində Cəlilabad rayonunun Xəlilabad kəndində şagirdlər arasında baş verən bıçaqlı insidentin ölümlə nəticələnməsi də problemin aktuallığını bir daha ortaya qoyub.

Bəs məktəblərdə şagirdlərin təhlükəsizliyini təmin etmək və bu kimi halların qarşısını almaq üçün hansı istiqamətdə tədbirlər görülür?

Patrulaz.az-ın sorğusuna cavab olaraq  Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə mütəmadi monitorinqlər həyata keçirilir.

Agentliyin məlumatına görə, bu addımlar şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, zorakılıq hallarının qarşısının alınması və sağlam mühitin yaradılmasına xidmət edir:

“Ümumi təhsil müəssisələrində təlim – tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.

Keçirilən monitorinqlər çərçivəsində  məktəblilərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əməl etməsi vəziyyəti müşahidə olunur, məktəbə gətirilməsi qadağan olunan əşya və ləvazimatlar haqqında maarifləndirmə işi aparılır.

Şagirdlərin çantalarında tədris prosesinə uyğun olmayan əşyalar aşkarlanarsa, həmin əşyalar məktəb rəhbərliyi tərəfindən götürülür. Şagirdlərin valideynləri məktəbə dəvət olunur, məktəb rəhbərinin iştirakı ilə valideynlə görüş keçirilir. Görüşdə tədris prosesinə uyğun olmayan, şagirdlərin həyat və sağlamlığı üçün təhlükəli və zərərli əşyaların məktəbə gətirilməsinin qadağan olması bir daha diqqətə çatdırılır və əşyalar valideynlərə təhvil verilir.

Şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Məktəblinin dostu” layihəsi çərçivəsində də işlər aparılmaqdadır. Bu layihənin tətbiq edildiyi məktəblərdə şagirdlərə dərs prosesi və tənəffüs zamanı videomüşahidə sistemi ilə, həmçinin dəhlizlərdə seçilmiş müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir. Ölkə üzrə “Şagird davranış qaydaları”nın tətbiq edildiyi məktəblərdə həmin qaydaların tələblərinə əsasən bu məsələ həssaslıqla diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində sağlam-emosional mühitin, eyni zamanda təhlükəsizliyin təmin edilməsi məqsədilə Agentlik tərəfindən digər aidiyyəti qurumlarla birlikdə tədbirlər planına uyğun olaraq mütəmadi maarifləndirici görüşlər həyata keçirilir”.

 


Bənzər xəbərlər