Paşinyan Bakı ilə sülhə, Moskva ilə hesablaşmaya hazırlaşır
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin qarşılaşdığı problemlərin köklərinin sovet dövrünə uzandığını bildirib.
Patrulaz.az xəbər verir ki, Paşinyan açıqlamasında Ermənistanın müstəqillik bəyannaməsinin bir çox müddəalarının SSRİ-nin ideoloji təsiri altında formalaşdığını vurğulayıb. Onun sözlərinə görə, sovet rəhbərliyi ermənilərə “kollektiv vətənpərvərlik” modelini və qonşularla daimi münaqişə ideyasını aşılayıb.
Baş nazir əlavə edib ki, Moskva millətçilərdən və diasporlardan istifadə etməklə Qarabağ hərəkatını qızışdırıb, bölgəni gərginlik mərkəzinə çevirib. Paşinyanın fikrincə, artıq 50-70-ci illərdə Qarabağda baş verən vaxtaşırı millətlərarası toqquşmalar bu siyasətin nəticəsi idi.
“Ermənistan faktiki olaraq müharibələrə və təcrid vəziyyətinə gətirib çıxaran ‘regional təcrid’ ssenarisinə cəlb olundu. Sovet sistemindən qaynaqlanan Qarabağ hərəkatı bu gün Ermənistanın müstəqilliyinin ləğvi ilə eyniləşir”, – deyə Paşinyan vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu irsdən imtina edərək Azərbaycanla sülh şəraitində yaşamaq, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq və regional təcriddən çıxmaq üçün “Real Ermənistan”ın yaradılması vacibdir.






