media-inshot_20260224_213727772

İnformasiyanın işıq sürəti ilə yayıldığı cəmiyyətdə yaşayırıq. Zaman keçdikcə informasiyanı əldə etmək və sosiallaşma üsulları da dəyişir. Süni intellektin bəzi sahələrə tətbiq edilməsi operativliyi artırıb. Müasir dövrlə uyğunlaşan insanlar hər gün real və ya real olmayan hadisələr eşidir, maraqlı gələnləri araşdırır. Nəticədə əlinə heç telefon almayan insanlar belə zamanla ayaqlaşaraq internetə qoşulur, o cümlədən sosial medianın aktiv istifadəçisinə çevrilir. Dünyada bu gün təxminən 5.17–5.66 milyard nəfər sosial media istifadəçisi var. Bu istifadəçilər hər gün minlərlə paylaşımla rastlaşırlar. Bu paylaşımlarda həm sevindirici, həm də kədərləndirici kontentlər olur. Təəssüflər olsun ki, mənfi xarakterli kontent və xəbərlər də insanın psixoloji vəziyyətinə təsir göstərir. Bəs mənfi, insanı gərginləşdirən xəbərlərin təsirinə az düşmək üçün nə kimi psixoloji üsullardan istifadə edilməlidir?

Bu barədə psixoloq Vüsalə Əmiraslanova Patrul.az-a öz fikrini bölüşüb. Onun sözlərinə görə, mənfi xəbərlərin təsirinə az məruz qalmaq üçün müsbət addımlar atılmalı, bu kimi xəbərlərin müzakirəsi aparılmamalıdır:

“Dünyada və Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı günü-gündən artır və insanlar daha çox həm mənfi, həm də müsbət xəbərlər alırlar. İnsan psixologiyası elədir ki, mənfi hadisələri daha çox axtarır, o cümlədən onları araşdırmağa başlayır. Müsbət hadisəni isə ani olaraq görüb keçir. Düşünürəm ki, mənfi və faciəvi hadisələrin detallı paylaşılması onu izləyən insanların psixoloji durumuna mənfi təsir göstərə bilir. Amma bəzi insanlar da var ki, bu kimi hadisələr onlara mənfi təsir göstərmir. Çünki həmin anda o insanların psixi durumu elə vəziyyətdə olur ki, həmin informasiyanın üzərindən adi baxaraq keçirlər”.

media-inshot_20260224_212751333

Psixoloq mənfi xəbərlərin ən çox təsir göstərdiyi şəxsləri də sadalayıb:

“Psixi olaraq narahatlığı olan, depressiv vəziyyətdə olan və ya şəxsi problemləri olan insanlar mənfi xəbərlərlə rastlaşdıqda bu, onlara daha pis təsir göstərir”.

V.Əmiraslanova bu kimi xəbərlərin insana təsirini azaltmağın yollarından da danışıb:

“Mənfi xəbərlərin insana olan pis təsirini azaltmaq və pozitiv qalmaq üçün bu kimi xəbərlərə az baxmaq, həmçinin onların digər insanlarla müzakirəsini minimuma endirmək daha faydalıdır. Bundan əlavə, sağlam həyat tərzinə, qidasına və yuxusuna fikir verən, öz psixikasını mənfi hadisələrdən qoruyan insanlar mənfi xəbərlərdən daha az təsirlənir. Biz özümüzü hadisələrdən asılı olmayaraq profilaktik olaraq psixoloji cəhətdən güclü hiss etməliyik. Bunun üçün ilk olaraq həyatımızdakı özgüvənimizə və müsbət insanlara daha çox köklənməli, sevdiyimiz işlə məşğul olmalı, bacardığımız qədər planlı səyahətlər həyata keçirməliyik. Bütün bunlar mənfi xəbərləri üstələyərək bizə müsbət təsir göstərəcək”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər