Piyadanın avtomobilin üzərinə çıxması cinayətdirmi? - Qanunvericiliyin yanaşması
Əhmədli qəsəbəsində piyadanın sürücü ilə mübahisə zamanı avtomobilin üzərinə çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qanunvericilik bu halı necə tənzimləyir? Bu cür hərəkət nəticəsində piyadanı necə cəza gözləyir?
Mövzu ilə bağlı danışan vəkil Turan Abdullazadə Patrul.az-a açıqlamasında bildirib ki, sadə yol hərəkəti qaydası pozuntularına görə piyadalar kiçik inzibati cərimə ilə məsuliyyətə cəlb oluna bilər:

“Ancaq piyadanın avtomobilin üzərinə çıxması kimi qanunla nəzərdə tutulmayan, təhlükəli davranış halları həm inzibati, həm də daha ciddi hüquqi məsuliyyət doğura bilər. Məsələn, bu hərəkət ictimai asayişi pozma, təhlükəsizlik qaydalarının pozulması və s. kimi daha ağır maddələrlə qiymətləndirilə bilər”.
“Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq- yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Bundan başqa sürücü piyadaya qarşı avtomobilinə dəymiş maddi ziyanla bağlı mülki qaydada iddia qaldıra bilər”,– deyə o əlavə edib.
Ləman Sərraf






