Prezident İlham Əliyev: “Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir”
“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir”.
Patrulaz.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində deyib.
Dövlət başçısı konfrans iştirakçılarına müraciətində, ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşmasının dövlətlərin məsuliyyətli və məqsədyönlü fəaliyyətindən asılı olduğunu vurğulayıb:
“Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər”.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın yeni reallıqlar şəraitində milli maraqlara əsaslanan müstəqil siyasət yürütdüyünü və yeni dünya nizamına fəal iştirakçı olmağa çalışdığını vurğulayıb:
“2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi Respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır”.