Putin-Əliyev salamlaşması: "İlham Əliyev siyasi imicini pozmayaraq yenə də pozitivlik nümayiş etdirdi" - Politoloq
Bu gün Çinin paytaxtı Pekində keçirilən İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin üz-üzə gəliblər. Dünya liderlərinin də iştirak etdiyi paradda Putin və Prezident İlham Əliyevlə baş tutan salamlaşma dünya mediasının diqqətini çəkib. Bu gün isə Çinə səfərinin yekunlarına dair mətbuat konfransında Putin Azərbaycanla münasibətlərdə problemlərin mövcud olduğunu qeyd edib və zamanla onların həll olunacağına əminliyini bildirib.
Bəs maraqlıdır ki, bu salamlaşma ilə liderlər dünyaya nə mesaj verməyə çalışır?
Bu barədə Patrulaz.az-a Politololoq Turan Rzayev öz fikirlərini bölüşüb. Politoloqun analizinə görə, bu salamlaşmada Rusiyanın Azərbaycana etdiyi nöqsanları nəzrə alarsaq, İlham Əliyev yenə də siyasi imicini pozmayaraq, Putinə qarşı daha pozitiv münasibət sərgiləyib:

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan soyuq salamlaşma başadüşüləndir. Çindəki bu salamlaşmanı əks etdirən görüntülərdə Putin zala daxil olduqdan sonra ilk söhbət etdiyi liderlərdən biri də cənab Prezident oldu. Oradan da görünür ki, bu “etiket” xarakterli bir salamlaşma olur. Əslində bu qarşılaşma iki ölkə arasındakı mövcud problemlərin də liderlər timsalında göstəricisidir. Görüş zamanı Prezident İlham Əliyevin pozitivliyidə müşahidə edilir. Bu da Azərbaycanın Rusiyaya qarşı heç bir aqressiv tutumunun olmadığını göstərir. Amma hər kəsə də aydındır ki, Moskva AZAL təyyarəsi və sonrakı hadisələrdə birmənalı olaraq günahkardır. Rusiya özü də günahının olduğunu bilir. Amma tipik imperalist ölkə olan Rusiya hələ də keçmiş müstəmləkələrinə yuxardan-aşağı baxdığı üçün reallığı dərk etməməyə çalışır”.
T.Rzayevin sözlərinə görə, Rusiyanın Azərbaycanla baş verən son gərgin hadisələrdən sonra münasibətləri normallaşdırmaq üçün görüş keçirəcəyi gözlənilsə də, hələlik belə bir addım atılmayıb. Politoloq, həmçinin qeyd edib ki, Moskvanın mövcud davranışları Azərbaycanın sanki təqsirli tərəf olduğu görüntüsünü formalaşdırır:
“Bütün bu gərginliklər çərçivəsində düşünülürdü ki, Rusiya münasibətləri yumşaltmaq məqsədilə Azərbaycanla görüş keçirər. Bu məsələlərdə Rusiya tərəfi təqsirli olduğu üçün görüşü də o təşkil etməli idi. Amma Kreml özünü elə göstərir ki, sanki biz onların təyyarəsini vurmuşuq. Cənab Prezident isə kifayət qədər pozitiv və hörmət çərçivəsində Putinin əlini sıxdı. Azərbaycan tərəfi bundan başqa neynəməlidir ki?..Ortada bir soyuqluq varsa, bunun səbəbi Rusiyadır.
Rusiya-Azərbaycan münasibətləri onsuz da əvvəlki kimi olmayacaq. Yəni, münasibətlər nə vaxtsa normallaşa bilər. Amma etimad mühiti, liderlər arasındakı səmimiyyət əvvəlki səviyyədə olmayacaq. Bir sözlə, bu Rusiya və Bakı arasında geri dönüşü olmayan çətin bir mərhələdir”.
Gülbəniz Səfərova






