Qadınlara qarşı zorakılıq hallarının artması nə ilə bağlıdır? - SOSİOLOQ RƏYİ
Milli Məclisin deputatı Hicran Hüseynovanın qadınlara qarşı zorakılıq hallarının çoxalması ilə bağlı fikir səsləndirib. Həqiqətən niyə ancaq qadınlara qarşı zorakılıqlardan danışırıq?
Mövzu ilə bağlı sosioloq Ağasəlim Həsənov Patrul.az-a fikirlərini bölüşüb.
O bildirib ki, cəmiyyət həyatında təkcə qadınlara qarşı deyil, bütövlükdə aqressiv davranışlar artan xətt üzrə inkişaf etməkdədir:
“Bu hal müxtəlif sosial, psixoloji və iqtisadi amillərlə bağlıdır. İnsanların gündəlik həyatında qarşılaşdığı stress, sosial ədalətsizlik hissi, maddi sıxıntılar, ailədaxili problemlər və ya psixoloji yüklənmələr aqressiyanın artmasına şərait yaradır.
Xüsusilə sosial mediada müşahidə olunan ünsiyyət formaları da bu tendensiyanı gücləndirir. İnsanlar daha rahat şəkildə başqalarına qarşı aqressiv münasibət sərgiləyir, bəzən isə bunu bir normaya çevrilmiş kimi qəbul edirlər”.
Sosioloqun sözlərinə görə, qadınlara qarşı olan aqressiv davranışlar daha çox sosial stereotiplər, gender bərabərsizliyi və bəzi hallarda hüquqi boşluqlar fonunda özünü göstərir:
“Bu hallar, təkcə fiziki deyil, həm də psixoloji və verbal zorakılıq formasında təzahür edə bilər. Cəmiyyətdə aqressiyanın qarşısını almaq üçün maarifləndirmə işləri, psixoloji dəstək xidmətləri və hüquqi mexanizmlər daha effektiv şəkildə tətbiq olunmalıdır. Eyni zamanda ailə institutu və təhsil sistemində empatiya, hörmət və tolerantlıq kimi dəyərlərin təşviqi də bu problemin həllində mühüm rol oynaya bilər.
Qadına qarşı zorakılıq hallarının artması və ya azalması ilə bağlı vəziyyəti qiymətləndirmək üçün, əlbəttə ki, konkret tədqiqatlara və obyektiv sosial-statistik məlumatlara əsaslanmaq vacibdir. Subyektiv yanaşmalar və fərdi müşahidələr bu kimi həssas məsələlərdə yetərli olmur. Əgər rəsmi qurumlar və ya müstəqil araşdırma institutları tərəfindən aparılmış statistik göstəricilər varsa, bu məlumatlar real vəziyyətin dəyərləndirilməsi üçün əsas mənbə hesab olunur”.

A. Həsənov əlavə edib ki, statistik məlumatlar bizə zorakılıq hallarının sayının artıb-artmadığını, hansı yaş qruplarında və regionlarda daha çox baş verdiyini, hansı formalarda (fiziki, psixoloji, iqtisadi və ya cinsi zorakılıq) təzahür etdiyini, hüquq-mühafizə orqanlarının və sosial xidmətlərin müdaxilə effektivliyini və digər vacib detalları göstərir:
“Bu cür məlumatlar olmadan qadına qarşı zorakılığın dinamikası haqqında dəqiq fikir yürütmək mümkün deyil.
Beləliklə, qadına qarşı zorakılığın real miqyasını, səbəblərini və dəyişmə meyillərini anlamaq üçün əsaslı şəkildə aparılmış elmi və statistiki araşdırmalara istinad olunmalıdır.
Əgər cəmiyyət həyatında zorakılıq halları artıbsa, bu yalnız bir cinsin nümayəndəsinə qarşı deyil. Ümumilikdə zorakılıq həm azyaşlılara, həm orta yaşlılara, həm də yaşlı insanlara qarşı müşahidə olunmaqdadır. Cəmiyyətdə ümumi olaraq aqressiv davranışların artdığı görünür. Bu kontekstdə qadın da cəmiyyətin bir üzvüdür və fiziki baxımdan kişidən daha zəif olduğu üçün zorakılıq hallarında daha çox zərər çəkən tərəf ola bilər. Məhz bu səbəbdən zorakılıq mövzusu gündəmə gələndə qadınlara qarşı zorakılıq daha çox vurğulanır. Lakin problem təkcə cinslər arasında deyil, ümumi sosial davranış və münasibətlər sistemindədir.
Yəni, məsələni bu şəkildə təqdim etmək – sanki cəmiyyətdə ümumilikdə sabit, anlaşmalı bir mühit mövcuddur, heç bir aqressiv davranış müşahidə edilmir və yalnız qadına qarşı zorakılıq halları baş verir – əlbəttə, doğru yanaşma deyil. Aqressivlik, zorakılıq və sosial gərginliklər bütövlükdə cəmiyyətin müxtəlif təbəqələrində, fərqli münasibətlər sistemində özünü göstərə bilər. Qadına qarşı zorakılıq bu mənzərənin bir hissəsidir və onu təcrid olunmuş şəkildə təqdim etmək, problemin köklərini və genişliyini düzgün qiymətləndirməyə imkan vermir. Bu səbəbdən, cəmiyyət daxilində zorakılıq hallarını yalnız bir aspekt üzərindən deyil, ümumi sosial, psixoloji və iqtisadi faktorlar kontekstində dəyərləndirmək daha obyektiv yanaşma olar”,– deyə o qeyd edib.
Həmsöhbətimiz onu da bildirib ki, cəmiyyətdə ümumi olaraq sabit, anlaşma üzərində qurulmuş bir mühitin mövcud olduğunu, heç bir aqressiv davranışın müşahidə edilmədiyini və yalnız qadınlara qarşı zorakılıq hallarının qeydə alındığını iddia etmək doğru və obyektiv yanaşma deyil:
“Bu cür baxış təkcə qadınlara qarşı zorakılığı deyil, ümumiyyətlə cəmiyyətdə baş verən zorakı davranışların səbəb və miqyasını düzgün anlamağa imkan vermir. Zorakılıq, aqressivlik, psixoloji və sosial gərginliklər cəmiyyətin müxtəlif təbəqələrində, fərqli münasibətlər sistemində – ailədə, iş yerində, məktəbdə, ictimai nəqliyyatda və digər sosial məkanlarda da özünü göstərir.
Qadınlara qarşı zorakılıq bu mənzərənin mühüm, lakin təkcə bir hissəsidir. Məsələyə daha geniş və kompleks yanaşmaq lazımdır. Çünki zorakılıq halları əksər hallarda bütövlükdə sosial mühitin gərginliyindən, psixoloji sağlamlığın zəifləməsindən, iqtisadi çətinliklərdən və hüquqi maarifləndirmənin zəifliyindən qaynaqlanır. Odur ki, problemin köklərini dərk etmədən, yalnız bir təbəqəyə və ya qrupa yönəlmək mövcud vəziyyətin həllinə töhfə vermir, əksinə, onu daha da səthi və dar çərçivədə təqdim edir”.
Ləman Sərraf






