Qanunsuz mərcdən qazanılan pul oğurlansa, Hüquq sizi qoruyacaqmı? - Vəkil Açıqladı
İnternetdə fəaliyyət göstərən qanunsuz mərc platformalarında bəzi istifadəçilər hesablarında müəyyən məbləğlər və ya rəqəmsal aktivlər toplayırlar. Lakin belə hesabların oğurlanması və ya vəsaitlərin mənimsənilməsi halında maraqlı hüquqi sual ortaya çıxır:qanunsuz mərc oyunları vasitəsilə əldə edilmiş rəqəmsal aktivlər oğurlanarsa, zərərçəkən şəxs hüquqi müdafiə və kompensasiya tələb edə bilərmi? Bu halda onu hansı hüquqi risklər gözləyir?
Bu barədə vəkil, Azərbaycan İstehlakçılar şurasının sədri Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, qanunsuz mərc oyunlarından əldə edilən rəqəmsal aktivlər oğurlandıqda, onların hüquqi müdafiəsi təmin olunmur və bu barədə şikayət etmək şəxsin özünün məsuliyyətə cəlb olunması riskini yarada bilər:
“Qanunsuz mərc oyunları vasitəsilə əldə edilən rəqəmsal aktivlərin oğurlanması halında, həmin aktivlərin mülkiyyət hüququ hüquqi müdafiə obyekti hesab edilmir. Hüquq sistemində “qanunsuz hərəkətdən hüquq yaranmır” prinsipi tətbiq edildiyi üçün, dövlət qanunla qadağan olunmuş fəaliyyətdən gələn gəlirləri qorumur və onların bərpası üçün məhkəmə müdafiəsini təmin etmir. Bu səbəbdən, qanunsuz mərc platformalarında itirilmiş vəsaitlərə görə hüquq-mühafizə orqanlarına müraciət etmək, zərərin ödənilməsindən daha çox, sizin özünüzün qanunsuz mərc oyunlarında iştirak etdiyinizə görə inzibati məsuliyyətə cəlb olunmağınız üçün hüquqi əsas yarada bilər”.

Vəkil qeyd edir ki,əgər oğurlanan vəsait və ya rəqəmsal aktiv qanunsuz mərc fəaliyyətindən əldə edilibsə, onun hüquqi müdafiəsi təmin olunmur və həmin vəsaitə görə kompensasiya tələb etmək mümkün olmaya bilər:
“Ali Məhkəmənin mövqeyi və qüvvədə olan qanunvericilik bu cür vəsaitləri “cinayət yolu ilə əldə edilmiş və ya qanunsuz fəaliyyətdən formalaşmış gəlir” kimi təsnif edir. Belə bir vəziyyətdə məhkəmə mülki iddianı təmin etmədiyi kimi, həmin vəsaitlərin dövlət nəfinə müsadirə edilməsi ehtimalı da yüksəkdir. Nəticə etibarilə, hüquqi müstəvidə mübahisələndirilən aktivin mənşəyinin qanunsuz olması, iddiaçı üçün kompensasiya almaq imkanını tamamilə aradan qaldırır və prosesi həmin şəxsin özü üçün riskli bir mərhələyə çevirir”.
Cəmilə Cəfərzadə






