media-67a39a2e-ca90-4cb1-ba82-c31536cf57c8

Patrul.az redaksiyasına müraciət edən vətəndaş videogörüntü təqdim edərək Biləcəri qəsəbəsində, DSK yolu kimi tanınan ərazidə fəaliyyət göstərən yağ dəyişmə məntəqəsində yaşandığı iddia edilən hadisə barədə məlumat verib.

Şikayətçinin sözlərinə görə, 99-MJ-496 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilin sürücüsü yağ dəyişmə məntəqəsinə müraciət edərək nəqliyyat vasitəsinin mühərrik yağını dəyişdirib. Xidmət başa çatdıqdan sonra sürücü ödənişi bank kartı vasitəsilə etdiyini bildirib və öz mobil telefonunda ödənişin həyata keçirildiyini göstərən görüntünü təqdim edib.

Lakin məntəqə əməkdaşının iddiasına görə, göstərilən ödənişə baxmayaraq, onun bank hesabına heç bir vəsait daxil olmayıb. O, hadisədən sonra hesabını dəfələrlə yoxladığını, lakin köçürmənin baş tutmadığını bildirib.

Şikayətçi məsələ ilə bağlı Patrul.az-a açıqlamasında bunları deyib:

“Biz fəhlə adamlarıyıq. Bütün gün əlimiz yağın, pasın içində olur. Belə biri gəlib haqqımıza girəndə evimizə çörək pulu apara bilmirik. İnsanın vicdanı olmalıdır. Öz yaşayışı üçün başqasının yaşayışına mane olmamalıdır.”

Patrul.az olaraq diqqətə çatdırırıq ki, son dövrlər xidmət sahələrində oxşar iddiaların sayı artmaqdadır. Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, kart vasitəsilə edilən ödənişlər zamanı vəsaitin həqiqətən hesaba daxil olduğunu bank tətbiqi və ya SMS bildirişi vasitəsilə yoxlamadan xidmətin tamamlandığını təsdiqləməsinlər.

Qeyd edək ki, bəzi hallarda müştərilər tərəfindən təqdim olunan ödəniş görüntülərinin montaj edilməsi və ya həqiqi əməliyyatı əks etdirməməsi ilə bağlı iddialar da mövcuddur. Bu səbəbdən sahibkar və xidmət göstərən şəxslərin ödənişin faktiki olaraq hesablarına daxil olmasına əmin olmaları tövsiyə edilir.

Hadisə ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Bənzər xəbərlər