media-0de8ef3b-015a-4705-8915-146d9262b123

Ölkəmizin təqvimində bayram və əlamətdar günlərin çoxluğu səbəbilə qeyri-iş günlərinin sayı da az deyil. Bu halın həm müsbət, həm də mənfi tərəfləri var. Əlbəttə, istirahət hüququ hər bir insanın əsas sosial haqlarından biridir. Xüsusilə də, uzun saatlar çalışan insanlar üçün əlavə istirahət günləri həm fiziki, həm də psixoloji baxımdan yenilənmək üçün fürsət yaradır. Buna görə də, qeyri-iş günləri işçi rifahı üçün müsbət qiymətləndirilə bilər. Lakin məsələyə iqtisadi və strateji tərəfdən yanaşdıqda fərqli mənzərə ortaya çıxır. Uzunmüddətli qeyri-iş günləri bir çox sahələrdə, xüsusilə də ticarət, bank, sənaye və dövlət idarəçiliyi kimi sektorlarda böyük fasilələrə yol açır.
Maraqlıdır ki, ölkəmizdə qeyri-iş günlərinin çoxluğu iqtisadiyyatın məhsuldarlığına necə təsir göstərir?

Bu barədə Patrulaz.az-a Milli Məclisinin deputatı Azər Badamov öz fikirlərini bölüşdü:

“Qeyri-iş günlərinin çox olması təbii ki, iqtisadiyyatın məhsuldarlığına müəyyən təsir göstərir. Belə günlərdə müəssisələrdə iş fəaliyyəti azalır. Lakin vacib istehsal prosesləri, adətən, dayandırılmır. Bu sahələrdə çalışan işçilərin əməkhaqları ya artımla ödənilir, ya da iş növbəlilik əsasında təşkil olunur. Ümumilikdə, müəssisələrin iş ritmində yaranan fasilələr iqtisadi göstəricilərə də təsirsiz ötüşmür”.

media-427fd0fc-7c21-490d-9619-e52b2cf0785d
Deputat qeyri-iş günlərində vətəndaşların istirahət etməsinin vacibliyini də vurğuladı:

“Qeyri-iş günləri dövlət tərəfindən müəyyən olunur və həmin günlərdə insanların istirahət etməsi vacib sayılır. Bu günlər, əsasən, bayramlarla əlaqəlidir. İşləyən şəxslərin də bayramları qeyd etmək və həmin günlərdə istirahət etmək hüququ var”.

Beynəlxalq standartlara görə, bir çox ölkədə illik qeyri-iş günlərinin sayı 10–12 gün arasında dəyişir. Azərbaycanda isə bu rəqəm bəzi illərdə 20 günü keçə bilir. Çünki təqvimimizdə bayramların və əlamətdar günlərin çoxluğu xalqımızın tarixi zənginliyini, milli dəyərlərə olan hörmətini və dərin mədəni irsə sahib olduğunu əks etdirir.

Millət vəkilinin də qeyd etdiyi kim, qeyri-iş günləri təkcə Azərbaycanda deyil, Avropanın inkişaf etmiş ölkələrində də mövcuddur və bu, hər bir xalqın tarix və dəyərlərinə əsaslanır:

“Qeyri-iş günləri hər bir ölkədə mövcuddur. Avropanın inkişaf etmiş ölkələri də öz təqvimlərində rəsmi bayram günləri müəyyənləşdiriblər. Bu baxımdan, dövlətin təqvimə daxil etdiyi bayram günləri ilə bağlı konkret beynəlxalq norma mövcud deyil. Çünki həmin günlər xalqımız üçün əlamətdar və tarixi əhəmiyyət daşıyır. Buna görə də onların sayının azaldılmasını məqsədəuyğun hesab etmirəm”.

Deputatın dediklərindən də bu qənaətə gəlmək olar ki, əgər qeyri-iş günləri balanslı planlaşdırılmazsa, bu, həm daxili bazara, həm də xarici iqtisadi tərəfdaşlarla əlaqələrə mənfi təsir edə bilər. Sadəcə əsas məsələ bu günlərin təşkili və idarə olunmasıdır. Məsələn, bəzi ölkələrdə bayram günləri həftəsonuna təsadüf etdikdə əlavə istirahət günü verilmir. Bizdə isə bu günlər növbəti iş gününə keçirilir. Ümumi yanaşdıqda, qeyri-iş günlərinin çoxluğu nə tam mənfi, nə də tam müsbət haldır. Əsas məsələ bu günlərin işçi hüquqları ilə iqtisadi tarazlıq arasında optimal formada tənzimlənməsidir. İstirahət vacibdir, lakin iqtisadi sabitlik də unudulmamalıdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər