media-inshot_20260409_165050014

Bəzi insanların təfəkküründə qız qaçırtmaq “adət” kimi qəbul olunur. Bu adəti bəhanə edib gənc qızları zorla qaçırırlar. Bu hadisə həmin qızların yaddaşında da travma kimi özünə yer edir. Gələcəkdə həmin zorla qurulan ailənin psixoloji durumuna da təsir göstərə bilər. 

Bu “adət”dən necə qurtula bilərik? Zorla qız qaçırmaq hansı psixoloji pozuntulara səbəb ola bilər?

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən psixoloq Zeynəb Əyyubova bildirib ki, qız qaçırtmaq heç bir halda sağlam və qəbul edilə bilən davranış deyil:

“Əslində zorla qız qaçırmaq insanın iradəsinə qarşı edilən psixoloji və bəzən fiziki zorakılıq formasıdır. Bu cür hadisələr gənc qızların psixoloji sağlamlığına ciddi təsir göstərir və onların həyatında uzunmüddətli travmatik izlər buraxa bilər.

Zorla qaçırılan qızlarda güclü qorxu, stress və narahatlıq halları yaranır. Bu hadisə onların təhlükəsizlik hissini sarsıdır və gələcəkdə insanlara qarşı etimad problemlərinə səbəb olur. Belə hallarda posttravmatik stress pozuntusu, depressiya, panik atak, özünə güvənsizlik və sosial qapanma kimi psixoloji problemlər ortaya çıxa bilər. Bu travmalar bəzən uzun illər davam edir və peşəkar psixoloji dəstək olmadan aradan qalxmır”.

media-inshot_20260409_164216191

Psixoloq vurğulayıb ki, zorla qurulan ailələr də sağlam emosional təməl üzərində formalaşmır:

“Qorxu və məcburiyyət üzərində qurulan münasibətlərdə sevgi, hörmət və qarşılıqlı anlayış formalaşmaqda çətinlik çəkir. Bu isə ailədaxili konfliktlərə, emosional uzaqlaşmaya və bəzən məişət zorakılığına səbəb ola bilər. Belə mühitdə böyüyən uşaqlar da psixoloji baxımdan mənfi təsirlərlə üzləşə bilirlər.

Bu cür halların qarşısını almaq üçün cəmiyyətdə maarifləndirmə işləri gücləndirilməlidir. Gənclərə sağlam münasibətlər, qarşılıqlı razılıq və şəxsi sərhədlər barədə düzgün məlumat verilməlidir. Valideynlər və cəmiyyət bu məsələdə daha həssas yanaşmalı, zorakılığı “adət” kimi qəbul etməməlidir. Eyni zamanda hüquqi məsuliyyət tədbirləri də gücləndirilməlidir”.

“Unutmaq olmaz ki, sağlam ailə yalnız sevgi, hörmət və qarşılıqlı razılıq üzərində qurula bilər. Məcburiyyət və qorxu üzərində qurulan münasibətlər isə həm fərdlərə, həm də bütövlükdə cəmiyyətə zərər verir. Sağlam cəmiyyət formalaşdırmaq üçün zorakılıq hallarına qarşı birlikdə mübarizə aparmaq və gənclərin seçimlərinə hörmət etmək vacibdir”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər