Qurban kəsənlərin nəzərinə! Bunu etsəniz, savab əvəzinə günah qazanacaqsınız! - İlahiyyatçıdan xəbərdarlıq
İslamda ən müqəddəs bayramlardan sayılan Qurban bayramına sayılı günlər qalıb.
Qurban bayramının əsas əməli qurban kəsərək ehtiyac sahiblərini sevindirməkdir.
Patrul.az qurban kəsəcək (kəsdirəcək) hər bir şəxsin bilməli olduğu məlumatları sizə təqdim etmək üçün ilahiyyatçı Tural İrfana müraciət edib.
O bildirib ki, ilk növbədə qurban kəsərkən əsasən sağlam heyvan almaq və düzgün kəsmək lazımdır:
“Mütləq qibləyə tərəf olmalıdır. Kəsən müsəlman olmaqla yanaşı Allahın adını çəkib, onun üçün kəsdiyini ifadə etməlidir. Qoyun, keçi, inək, camış və dəvə kimi heyvanların həmin coğrafiyada kəsim yaşına çatmış qismindən qurban kəsilir. Maddi imkanı olan, borcu, sələmi, krediti olmayan müsəlmanlar qurban kəsməlidir. Eyni zamanda qurban əti pulla satılmır. Amma bir neçə şəxs ortaqlı şəkildə inək, camış, dəvə alıb kəsib bölə bilərlər. 7 nəfərə qədər adam birlikdə bunu edə bilər. Qurban kəsərkən küçələri, yolları natəmiz hala gətirmək olmaz. Xüsusi qurbankəsim yerləri olmalıdır. Heyvanın içalatını küçələrə atmaq doğru deyil”.

Dinin təmizliyi əmr etdiyini vurğulayan T.İrfan əlavə edib:
“Bir tərəfdən savab, digər tərəfdən günah qazanmaq olmaz. Qurban əti yalnız təmənnasız və pulsuz paylanılır. Əsasən kasıb və imkansız təbəqəyə verilir. Lakin qohum və qonşular da nəzərdən qaçmamalıdır. Əgər kəsilən heyvanın əti yalnız öz ailəsinə çatacaq miqdardadırsa başqalarına verməyə də bilər. Qurban bayramının mahiyyəti sosial ədaləti bir neçə gün də olsa qorumaq, humanizm nəticəsində varlı – kasıb balansını tarazlamaqdır. İmkanı və cəsarəti çatan varlı adamlar min, on min, yüz min heyvan kəsdirib kasıblara, adlara, miskinlərə paylaya bilər. Amma təəssüf ki, bizdə Hacı Zeynalabdindən sonra hələ ki, elə cəsur və səxavətli adamlar daha çıxmayıb”.
İlahiyyatçı qeyd edib ki, Qurban bayramının mənası, fəlsəfəsi ət yemək, qoyun kəsməkdən ibarət deyil:
“Varını, dövlətini, mülkünü, pulunu Allah yolunda onun bəndələrindən əsirgəməməkdir. Peyğəmbər buyurur ki, xəsislər Cənnətə girməyəcək. Ona görə bu ərəfədə xüsusən imkanlı adamlar varını, pulunu Allahdan əsirgəməməlidir. Təbii ki, bu da imana, comərdliyə bağlıdır. Hər kəs bunu bacarmır. Amma bacardığı qədər, gücü yetdiyi qədər kasıblara əl tutmalıdır. Bu yaxşılığı da elan etmək, reklam etmək dində bəyənilmir”.
Ləman Sərraf






