"Ramiz Mehdiyevin saxlanması üçün Rusiyadan icazə alınması fikrini söyləyənlər Azərbaycanın suverenliyini şübhə altına alanlardır" - Azər Həsrət
“Ramiz Mehdiyevlə bağlı gedən proses əlbəttə ki, Azərbaycan ictimai rəyində müəyyən qarışıqlığa səbəb olub. Çünki o, uzun illər Prezident Administrasiyasının rəhbəri olub, dövlət siyasətinin önündə durmuş və Prezidentlə yan-yana çalışmışdır. Belə bir şəxsin bu cür cinayətlərə qarışması istər-istəməz ictimaiyyəti narahat etməli və narahat da edir. Xüsusilə də, dövlətə xəyanət ittihamı ilə saxlanılması əlavə suallar doğurur: Bu adam bütün bunların qarşılığında dövlətin zirvəsində olmuş, dövlət üçün məsuliyyət daşımış şəxs necə olur ki, xəyanətdə şübhəli bilinir. Əlbəttə bu sualların cavabını istintaq verəcək və nəticələr ictimaiyyətə açıqlanacaq”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında jurnalist Azər Həsrət Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbs olunmasına münasibət bildirərkən deyib.
A. Həsrət Ramiz Mehdiyevin saxlanılması ilə bağlı Rusiyadan icazə alınması məsələsi barədə yayılan fikirlərə də münasibət bildirib:
“Cəmiyyətimizdə Ramiz Mehdiyevin saxlanması ilə bağlı maraqlı bir məqam da var. Güya ki, onun saxlanılması üçün Rusiyadan icazə alınıb və.s. Belə boş fikirləri söyləyənlər Azərbaycan dövlətinin suverenliyini, müstəqilliyini və müstəqil mövqeyini şübhə altına alanlardır. Görünür, Ramiz Mehdiyev hansısa dairələrlə bağlıdır və onlar narahat olduqları üçün belə şayiələr yayırlar. Azərbaycan dövləti bu kimi məsələlərdə hər zaman sərbəstdir və heç bir xarici dövlətdən icazə almır”.
Jurnalist, R. Mehdiyev barəsində əsassız fikirlər yayanlara da münasibət bildirərək, onların istintaq prosesinin nəticələrini gözləməli olduqlarını bildirib:
“Konkret faktlar varsa və şübhələnmək üçün əsaslar mövcuddursa, təbii ki, dövlətimiz zəruri addımları atır və atacaq. Ona görə də düşünürəm ki, ictimaiyyəti çaşdıran fikirlərdən yayınmaq, bir qədər səbrlə istintaqın nəticələrini gözləmək lazımdır. Dövlət konkret olaraq şəxsi əsaslı şübhələr olduğu üçün saxlayıb və bu mövzuda fikir yürütmək üçün istintaqın nəticələrini gözləmək daha məqsədəuyğundur. Hansısa xarici dövlətdən icazə alınıb kimi zərərli fikirləri isə heç kim yaymamalıdır”.
Cəmilə Cəfərzadə






