"Razılıqsız audio paylaşımları ciddi CƏZA ilə nəticələnə bilər" - AÇIQLAMA
Son dövrlər şəxsi münasibətlərdə, iş mühitində və sosial şəbəkələrdə səs yazılarının yayılması ilə bağlı mübahisəli hallar tez-tez gündəmə gəlir. Xüsusilə razılıq olmadan əldə edilən və üçüncü şəxslərlə paylaşılan audio qeydlər insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilir və ciddi narahatlıq yaradır. Bu baxımdan, insanlar arasında tez-tez verilən suallardan biri də odur ki, səs yazısını icazəsiz yaymaq cinayət məsuliyyəti yaradırmı?
Bununla bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, səs yazısının icazəsiz yayılmasının cinayət məsuliyyəti yaradıb-yaratmaması işin faktiki hallarından asılıdır:
“Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayət məsuliyyəti yaradır. Yəni, bu məlumatların ilk öncə şəxsi və ailə həyatı sirrinə aid olması zəruridir. Şəxsi və ailə həyatının sirri olmayan məlumatların( sənədlərin, videoların, foto çəkiliş) materiallarının yayılması cinayət məsuliyyəti yaratmır. Lakin şəxsi və ailə sirrinə aid səs yazısını yaymaq Cinayət Məcəlləsinin 156-cı maddəsinin tərkibini yaradır. Həmçinin maddənin dispozisiyasından göründüyü kimi şəxsi və ailə həyatına aid olan materialların( səs yazısı, video yazı) təkcə yayılması deyil, həmçinin satılması, başqasına verilməsi, qanunsuz toplanması da cinayət məsuliyyəti yaradır. Hazırkı cinayət formal tərkibli olduğundan məlumatların yayıldığı, toplandığı, satıldığı, başqasına verildiyi andan cinayət başa çatmış olur”.

Vəkil vurğulayır ki, şəxsi həyata müdaxilə yalnız məhkəmə qərarı ilə icazəlidir:
“Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi və ailə sirrinin qorunmasını təmin edir. Hər kəsin şəxsi həyatına müdaxilə yolverilməzdir və yalnız məhkəmə qərarı ilə müəyyən hallar istisna olmaqla bu hüquq məhdudlaşdırıla bilər”.
Cəmilə Cəfərzadə






