media-inshot_20250813_105530522

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşündən sonra Kremlin təbliğatçıları təhqir və təhdidlərə keçiblər. 

Solovyov, hətta Xəzər dənizində NATO bazasının yaranma ehtimalı və ikinci xüsusi hərbi əməliyyatın zəruriliyi ilə bağlı sərsəm fikirlər səsləndirib. Rusiyalı deputat Qurulyov da Bakını müharibə ilə hədələyib. 

Bu təhdidlərin arxasında nə dayanır?

Mill Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı mövzu ilə bağlı Patrulaz.az-a fikirlərini bölüşüb:

“Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Kremlin təbliğatçıları və bəzi Rusiya rəsmilərinin səsləndirdiyi təhqir və təhdidlər, əslində, bu tarixi görüşün və imzalanmış razılaşmanın regionun geosiyasi reallıqlarını necə dəyişdirdiyinin açıq göstəricisidir. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan həm diplomatik müstəvidə, həm də milli maraqların qorunması istiqamətində mühüm bir uğura imza atdı. Bu, Cənubi Qafqazda artıq Azərbaycanın şərtlərinin əsas olduğu yeni bir təhlükəsizlik və əməkdaşlıq mərhələsinin başlanğıcıdır”.

Millət vəkili qeyd edib ki, Solovyov kimi Rusiya təbliğat ruporlarının Xəzər dənizində NATO bazası kimi əsassız iddialarla çıxış etməsi, yaxud “ikinci xüsusi hərbi əməliyyat” kimi aqressiv ritorika sərgiləməsi, sadəcə olaraq, Azərbaycanın müstəqil və balanslı xarici siyasətinə qarşı narahatlıqdan irəli gəlir:

media-img-20250813-wa0000

“Aydındır ki, anti-Azərbaycan kompaniyası bir mərkəzdən, məhz Kremldən idarə olunur. Rusiya rəsmiləri, media nümayəndələri bu tip qeyri-obyektiv fikirlər səsləndirməklə gərginləşən münasibətlərə zəmin yaratmaq istəyirlər. Onlar özləri də yaxşı bilir ki, NATO – nun Xəzər dənizində hərbi qüvvə cəmləşdirməsi həm praktik, həmdə strateji cəhətdən mümkün olmayan bir məsələdir. Ona görə də, bu tip iddialar tamamilə əsassızdır. Bizim müstəqil qərarlarımız, heç bir güc mərkəzindən asılı olmadan milli maraqlarımıza uyğun addımlar atmağımız bəzi dairələri ciddi şəkildə qıcıqlandırır”.

Deputatın sözlərinə görə, rusiyalı deputat Qurulyovun Bakını müharibə ilə hədələməsi isə, diplomatiya mədəniyyətindən kənar, məsuliyyətsiz və qəbulolunmaz bəyanatdır:

“Azərbaycan xalqı və dövləti heç vaxt təhdidlər qarşısında geri çəkilməyib və çəkilməyəcək. Ölkəmiz öz suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq üçün bütün zəruri siyasi, diplomatik və hərbi imkanlara malikdir.

Bu gün Azərbaycan regionda sülhün və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir, amma eyni zamanda, hər kəs anlamalıdır ki, dövlətimizin iradəsi və milli mövqeyi sarsılmazdır”.

Ləman Sərraf


Bənzər xəbərlər