Rusiya XİN-dən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA: "Sığorta ödənişləri..."
KİV-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta vəsaitinin ödənilməməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Patrulaz.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirlik bildirir ki, 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəza ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yanlış məlumatlar yayılıb.
Rusiya XİN-in açıqlamasına görə, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib:
15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-sı tam sığorta ödənişi alıb.
Bundan əlavə, bu günə qədər təyyarənin xəsarət almış sərnişinlərinə və həlak olanların yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi həyata keçirilib.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla, 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla, 38 nəfər həyatını itirib.






