“Rusiyanın son davranışlarının arxasında rəsmi Kremlin acizliyi dayanır” - ŞƏRH
“Rusiya mediasının, ayrı-ayrı ekspertlərin, deputat və rəsmi şəxslərin Azərbaycana yönəlik təhdid və təhqirlərinin, aqressiyasının və ümumiyyətlə xüsusilə son dövrlərdəki Rusiyanın davranışlarının arxasında rəsmi Kremlin acizliyi dayanır. Bu şəkildə cılız mübarizəyə acizlikdən başqa ad vermək olmaz”.
Bu sözləri politoloq Rəşad Bayramov Patrulaz.az-a Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşündən sonra Kremlin təbliğatçılarının təhqir və təhdidlərinin arxasında duyanan səbəbləri şərh edərkən deyib.
Onun sözlərinə görə, bütün bunlar təbii ki, təsadüfən baş vermir:
“Təyyarəmizin vurulması da, Yekaterinburqda və Rusiyanın digər şəhərlərində soydaşlarımıza qarşı edilən qanunsuzluqlar da, iş adamlarımıza qarşı hücumlar da, eləcə də son günlərdə Ukraynanın Odessa istiqamətindəki qaz kəməri sisteminə və SOCAR-ın neft anbarına edilən raket hücumları da rəsmi Kremlin Azərbaycana təzyiq göstərmək niyyətinin bariz sübutudur”.
Politoloq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını öz Cənubi Qafqaz maraqlarına təhdid olaraq görən Rusiya Vaşinqtonda imzalanmış üçtərəfli bəyanatdan və xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılşamalardan sonra daha da aqressivləşib:

“Rusiyanı bu şəkildə aqressiv davranışa məcbur edən səbəb isə bu ölkənin əlində Azərbaycana qarşı təzyiq rıçaqlarının olmamasıdır. Otuz il ərzində “Dağlıq Qarabağ” kartından istifadə edərək hər iki dövləti təzyiq altında saxlayan Rusiya Azərbaycan və Ermənistan arasında əldə olunan razılşamalar ilə bu təzyiq kartından məhrum olub. Azərbaycan qarşı iqtisadi təzyiq göstərmək üçün də imkanları yoxdur, çünki biz Ermənistan kimi Rusiya iqtisadiyyatından asılı vəziyyətdə deyilik”.
“Ən nəhayət ərazimizdə vaxtilə Rusiyanın maraqlarına xidmət edən və zaman-zaman Rusiyanın təlimatlarını icra edən, daxildə vəziyyəti gərginləşdirən 5-ci kolonu da böyük ölçüdə sıradan çıxarılıb.
Ona görə də indi Rusiya ancaq öz təbliğatçıları vasitəsilə informasiya təzyiqinə və təhdidlərə möhtac qalıb. Amma bunun hər hansı fayda verməyəcəyini Rusiya özü də bilir. Azərbaycanı hər hansı təzyiq yolu ilə nəyəsə məcbur etmək və öz milli maraqlarından imtina müqabilində Rusiyanın hədələrinə boyun əydirmək mümkün deyil. Bunu biz indiyə qədər öz fəaliyyətimizlə dəfələrlə sübut etmişik. Əgər Rusiya indiyə qədər bunu anlamayıbsa günah özlərindədir”,– deyə o əlavə edib.
Ləman Sərraf






