media-inshot_20260521_164602608

Onlayn təhsil rahatlıq və əlçatanlıq yaratdığı üçün geniş yayılıb, lakin eyni zamanda tələbələrdə motivasiyanın azalması və müəllim nəzarətinin zəifləməsi kimi problemlər də ortaya çıxır. Bu isə tədrisin keyfiyyətinə birbaşa təsir edərək öyrənmə prosesinin effektivliyini azalda bilər.

Bəs, bu problemin qarşısını almaq üçün onlayn təhsildə motivasiyanı artırmaq və effektiv nəzarəti təmin etmək üçün hansı praktiki həllər tətbiq oluna bilər?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, pandemiya və COP29 dövründə distant təhsil təhsilin davamlılığını təmin etsə də, eyni zamanda rahatlığın artması motivasiya və nəzarət problemlərini daha da qabarıqlaşdırdı:

“Onlayn təhsil müasir dövrdə təhsilin əlçatanlığını artıran ən mühüm vasitələrdən birinə çevrilib. Xüsusilə pandemiya dövründə və daha sonra ölkəmizdə keçirilən COP29 zamanı tətbiq olunan distant təhsil modeli göstərdi ki, texnologiya təhsilin davamlılığını təmin edə bilir. Şagirdlər evdən çıxmadan dərslərə qoşulur, vaxt itkisi azalır və müxtəlif resurslara çıxış asanlaşır. Lakin praktik müşahidələr onu da göstərdi ki, rahatlıq artdıqca motivasiya və nəzarət məsələləri daha həssas problemə çevrilir”.

P.Qədimova qeyd edir ki, onlayn təhsildə kameraların bağlı olması, şagirdlərin passivliyi, tapşırıqların kənardan hazırlanması və diqqət dağınıqlığı tədrisin keyfiyyətini azaldır və canlı ünsiyyətlə formalaşan öyrənmə prosesini zəiflədir:

“Pandemiya dövründə müəllimlər ən çox aşağıdakı hallarla qarşılaşırdılar: kameraların bağlı olması, şagirdlərin dərsdə passiv iştirakı, tapşırıqların valideyn tərəfindən və ya süni resurslarla hazırlanması, diqqətin sosial şəbəkələrə yönəlməsi və uzunmüddətli ekran yorğunluğu. Bu hallar tədrisin keyfiyyətinə birbaşa təsir göstərirdi. Çünki təhsil yalnız məlumat ötürmək deyil, həm də canlı ünsiyyət, emosional əlaqə, dərhal geribildirim və sosiallaşma prosesidir. Müəllim şagirdin baxışından, reaksiyasından, sinifdaxili davranışından onun mövzunu necə mənimsədiyini hiss edə bilir. Onlayn mühitdə isə bu təbii müşahidə imkanları zəifləyir”.

media-inshot_20260521_173132345

Onun sözlərinə görə, bu modeldə şagirdlər mövzunu evdə öyrənir, dərsdə isə müəllim yönləndirici kimi aktiv müzakirə və tapşırıqlarla öyrənməni gücləndirir:

“Distant tədris zamanı yuxarı sinif şagirdləri üçün fərqli və effektiv modellər tətbiq etmək mümkündür. Bu baxımdan “tərs sinif” modeli xüsusi əhəmiyyət daşıyır. Bu modeldə şagird mövzunu əvvəlcədən video, təqdimat və ya qısa material vasitəsilə evdə öyrənir, onlayn dərs zamanı isə müəllim izah edən tərəfdən daha çox yönləndirici və müzakirə aparan tərəfə çevrilir. Məsələn, şagird mövzunu əvvəlcədən izləyib onlayn dərsə qoşulur, dərsdə isə testlər, debatlar, problem həlli və layihə tapşırıqları icra olunur. Bu yanaşma həm məsuliyyət hissini artırır, həm də dərsdə passiv dinləyici modelini aradan qaldırır”.

Təhsil eksperti vurğulayır ki, onlayn təhsilin effektivliyi yalnız mühazirə formatından yox, interaktiv metodlar, davamlı qiymətləndirmə və şagirdin aktiv iştirakını təmin edən rəqəmsal vasitələrin istifadəsindən asılıdır:

“Bu vaxta qədərki onlayn dərslər zamanı bəzi məktəblərdə tətbiq olunan praktik nümunələr göstərdi ki, motivasiyanı artırmaq üçün dərsləri yalnız “ekran qarşısında mühazirə” formatında saxlamaq düzgün deyil. Məsələn:

– Kahoot, Quizizz kimi platformalarla yarış tipli qiymətləndirmələr;

– Kiçik qruplarla layihə işləri;

– Həftəlik təqdimatlar və şagird çıxışları;

– Rəqəmsal portfolio sistemi;

– Aktiv iştirak edən şagirdlərin xüsusi rəqəmsal sertifikat və ya nişanlarla motivasiya olunması müsbət nəticə verirdi.

Effektiv nəzarət üçün isə yalnız davamiyyət yox, proses izlənməlidir. Müəllim şagirdin ekranda olub-olmamasından daha çox onun fəaliyyətini qiymətləndirməlidir. Bunun üçün:

– qısa və tez-tez yoxlama tapşırıqları,

– dərs sonunda refleksiya sualları,

– fərdi əks-əlaqənin verilməsi,

– valideynlə müntəzəm əlaqə,

– Rəqəmsal məktəb platformasında aktivlik statistikalarının izlənməsi olduqca faydalıdır.

Müasir dövrdə əsas məsələ onlayn təhsili ənənəvi dərsin zəif surətinə çevirmək deyil, onun üstünlüklərindən düzgün istifadə etməkdir. Əgər müəllim texnologiyanı interaktiv metodlarla birləşdirə bilirsə, şagirdə məsuliyyət və seçim imkanı verirsə, onlayn təhsil sadəcə alternativ yox, həm də effektiv öyrənmə modelinə çevrilə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər