Sakinlərin həyatını riskə atan təhlükəli tikinti işləri yenidən dayandırıldı - RƏSMİ
Xəbər verdiyimiz kimi, redaksiyamıza Səbail rayonunun 20-ci sahə, Oqtay Daşdəmirov küçəsi 64 ünvanında yaşayan sakin tərəfindən 10 ay əvvəl dayandırılmış təhlükəli tikinti işlərinin yenidən davam etdirilməsi ilə bağlı şikayət daxil olmuşdu.
Patrul.az məsələni araşdırmaq və hər an uçma riski yaradan tikinti işlərinin dayandırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ünvanda bir müddət əvvəl yenidən tikinti işlərinə başlanılsa da, aidiyyəti qurumlar tərəfindən dərhal qarşısı alınıb. Hazırda isə ərazidə təmizlik işləri aparılır:
“Məlumat üçün qeyd edirik ki, Səbail rayonu, Oqtay Daşdəmirov ünvanında bir müddət əvvəl qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərilmiş, aidiyyəti qurumlar ilə birgə görülmüş müvafiq tədbirlər nəticəsində tikinti işlərinin qarşısı alınaraq ərazi əvvəlki vəziyyətə qaytarılmışdır.
Həmin vaxtdan söküntüdən qalmış daş qalıqları ətraf ərazidə yaşayan sakinlərin gediş-gəlişinə maneə yaratdığından sözügedən ünvanda hal-hazırda təmizlik işləri aparılır”.
Xatırladaq ki, 10 ay əvvəl aparılan yöndəmsiz və hər an uçma təhlükəsi olan tikili ağır yük maşınlarının hərəkəti nəticəsində daha da zədələnmiş, bu isə ərazidə yaşayan sakinlərin həyatına ciddi təhlükə yaratmışdı. Həmin vaxt bununla bağlı redaksiyamıza daxil olan şikayətdən sonra Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məsələyə baxılmış və tikinti işləri dayandırılmışdı.
Qeyd edək ki, sözügedən tikinti zamanı ərazidəki ağacların kəsilməsi və kanalizasiya sisteminin sıradan çıxarılması ilə bağlı iddialar da səsləndirilib.
Gülbəniz Səfərova






