media-inshot_20260126_142345499

Son illərdə internet və sosial media platformalarında xeyriyyə kampaniyaları sürətlə populyarlaşıb, lakin bununla bərabər saxta təşəbbüslər də artıb. Bu hallarda insanların mərhəmətindən sui-istifadə edilərək maliyyə və şəxsi məlumatlar ələ keçirilir.

Bəs sosial şəbəkələrdə saxta xeyriyyə kampaniyaları kiberhüquqi baxımdan hansı məsuliyyət yaradır?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az -a açıqlamasında bildirib ki, saxta xeyriyyə kampaniyalarında internet və saxta elektron vasitələrdən istifadə edilməsi cinayətin ağırlaşdırıcı hal kimi qiymətləndirilməsinə səbəb olur:

“Sosial şəbəkələrdə yayılan saxta xeyriyyə kampaniyaları təkcə etik problem deyil, Azərbaycan qanunvericiliyinə görə ciddi hüquqi məsuliyyət yaradan əməllərdir. Kiberhüquq və kiber­təhlükəsizlik baxımından bu cür hallar bir neçə istiqamətdə qiymətləndirilir.

İlk növbədə, saxta xeyriyyə adı altında vətəndaşlardan pul toplanması dələduzluq hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, aldatma və ya etibardan sui-istifadə yolu ilə əmlak əldə edilməsi cinayət məsuliyyəti yaradır. Əgər bu əməl internet, sosial şəbəkə və ya elektron vasitələrlə törədilirsə, bu hal ağırlaşdırıcı hal kimi qiymətləndirilə bilər.

İkinci mühüm məqam elektron informasiya mühitindən sui-istifadədir. Saxta kampaniyalar zamanı çox vaxt saxta profillər, saxta saytlar, mobil nömrələr və ya bank kartları istifadə olunur. Bu isə Cinayət Məcəlləsinin 271-ci (kompüter məlumatlarının qanunsuz əldə edilməsi) və 272-ci (kompüter sistemlərinə qanunsuz müdaxilə) maddələri çərçivəsində araşdırıla bilər, xüsusilə də vətəndaşların şəxsi və maliyyə məlumatları ələ keçirilirsə”.

media-img-20260115-wa0053-2

Ekspertin sözlərinə görə, saxta xeyriyyə kampaniyaları şəxsi məlumatların qanunsuz istifadəsi və fişinq üsulları ilə həyata keçirilərək həm hüquqi məsuliyyət yaradır, həm də cəmiyyətin real xeyriyyəyə olan etimadını sarsıdır:

“Bundan əlavə, bu cür kampaniyalar şəxsi məlumatların qanunsuz toplanması və istifadəsi ilə müşayiət oluna bilər. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa görə, vətəndaşın razılığı olmadan onun adından, şəkilindən, telefon nömrəsindən və ya digər şəxsi məlumatlarından istifadə qanun pozuntusudur və həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.

Kiber­təhlükəsizlik mütəxəssisi kimi qeyd etmək lazımdır ki, saxta xeyriyyə kampaniyaları çox vaxt phishing (fişinq) və sosial mühəndislik üsulları ilə həyata keçirilir. Yəni insanların mərhəmət hissindən istifadə edilərək onları tələsik qərar verməyə məcbur edirlər. Bu cür hücumlar yalnız maddi zərər deyil, eyni zamanda cəmiyyətin real xeyriyyə təşəbbüslərinə olan etimadını da sarsıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər