Səbail rayonunda bu binada yaşayan sakinlərin həyatı təhlükə altındadır - VİDEO
Bakı şəhərinin Səbail rayonunda yerləşən bəzi yaşayış binalarının qəzalı vəziyyətdə olması ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Patrulaz.az-a verilən məlumata görə, Səbail rayonunun Arif İsmayılov 88/3 ünvanında yerləşən və əsasən məcburi köçkünlərin məskunlaşdığı yaşayış binaları qəzalı vəziyyətdədir.
Əldə olunan görüntülərdə binaların hər an uçma təhlükəsi yaratdığı açıq-aşkar görünür. Həmçinin binaların önünün zibillərlə dolu olması antigigiyenik şəraitə səbəb olur.
Sakinlər bildirir ki, Fövqəladə Hallar Nazirliyi də vəziyyətdən xəbərdardır və binaların biri ilə bağlı rəsmi şəkildə qəzalı olduğu bildirilib. Lakin indiyə qədər konkret tədbir görülmədiyi deyilir.
Vəziyyətdən şikayətlənən sakin iddia edir ki, bütün bunların səbəbkarı Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətidir. Çünki, onlar vəziyyətlə əlaqədar tədbir görmürlər.
Vəziyyətdən narazı olan sakin qeyd edir ki, 2014 və 2020-ci illərdə bəzi binaların sakinləri köçürülsə də, digər binalarda yaşayan insanlar hələ də ağır vəziyyətdə qalırlar.
Bəzilərinə kompensasiya verilib, o cümlədəm məcburi köçkünlərə də öz torpaqlarına köçməkləri barədə xəbərdarlıqlar edilib. Lakin yerli sakinlərə konpensasiya verilməyib. Çünki sözügedən binalarda təkcə məcburi köçkünlər yox, yerli sakinlər də yaşayıb və onlar da eyni risk altındadır.
Qeyd edək ki, həmin ərazidə yerləşən Zəngilan rayon 4 nömrəli orta məktəbinin pilləkənləri də istifadəyə tamamilə yararsız vəziyyətdədir. Çürümüş və dağılmaq üzrə olan pilləkənlər məktəblilər üçün təhlükə yaradır.
Sakinlər təcili təmir işlərinin aparılmasını və məsələ ilə bağlı aidiyyəti qurumların müdaxiləsini tələb edirlər.
Gülbəniz Səfərova