Səbail rayonunda qəzalı binalarda yaşayan sakinlərlə bağlı İcra Hakimiyyətindən AÇIQLAMA - VİDEO
Bakı şəhərinin Səbail rayonunda yerləşən bəzi yaşayış binalarının qəzalı vəziyyətdə olması ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Qaynar xəttimizə daxil olan məlumata görə, Səbail rayonunun Arif İsmayılov 88/3 ünvanında yerləşən və əsasən məcburi köçkünlərin məskunlaşdığı yaşayış binaları qəzalı vəziyyətdədir.
Əldə olunan görüntülərdə binaların hər an uçma təhlükəsi yaratdığı açıq-aşkar görünür. Həmçinin binaların önünün zibillərlə dolu olması antigigiyenik şəraitə səbəb olur.
Səbail rayonu, Arif İsmayılov küçəsi 51 ünvanında yerləşən qəzalı vəziyyətdəki yaşayış binasında yaşayan sakinlərin taleyi ilə bağlı Patrulaz.az-ın sorğusuna Səbail Rayon İcra Hakimiyyətindən cavab verilib: “Səbail rayonu, Arif İsmayılov küçəsi 51 ünvanında yerləşən və texniki cəhətdən qəzalı vəziyyətdə olan yaşayış binasında yaşayan sakinlərin kompensasiya əsasında tam köçürülməsi təmin edilmişdir.
Həmin binanın ətrafında uzun illər öncə özbaşına tikilmiş qanunsuz tikililərdə yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar bir müddət əvvəl aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb”.
Gülbəniz Səfərova