"Sehrli qələmdən istifadə edənlər öz gələcəklərini aldatmış olurlar" - TİHA sədri
Son günlər sosial şəbəkələrdə “sehirli qələm” kimi təqdim edilən və imtahanda köçürməyə kömək etdiyi iddia olunan qələmlərin satışı artıb. Tələbələr arasında bu cür texnologiyalara maraq yüksəlsə də, onların təhsil prosesi və akademik dürüstlük üzərində necə təsir göstərə biləcəyi ciddi müzakirə mövzusudur.
Köçürməyə kömək edən qələmlər və digər oxşar vasitələr tələbələrin öyrənmə motivasiyasına və bilik əldə etmə səylərinə hansı səviyyədə təsir edir?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki,“Sehirli qələm” kimi vasitələr tələbələrin öyrənmə motivasiyasını sıradan çıxararaq, akademik dürüstlüyü və gələcək biliklərini təhlükəyə atır:
“Gəlin bu məsələyə bir az daha dərindən, kağız üzərindəki qanunlardan kənara çıxıb, cəmiyyətin içindən baxaq. Əslində, o “sehirli qələm” dediyimiz şey təhsilin ən böyük düşmənidir, amma bunu bəzən gənclər sadə bir əyləncə və ya vəziyyətdən çıxış yolu kimi görürlər. Bu cür texnoloji hiylələr tələbənin öyrənmə həvəsini kökündən baltalayır. Tələbə beynində “onsuz da köçürəcəm” fikri ilə dərsə girəndə, onun üçün artıq mühazirənin, araşdırmanın və elmin heç bir mənası qalmır. Bu, sadəcə imtahandan keçmək deyil, öz gələcəyini aldatmaqdır”.

Ə.Həsənli bu cür köçürmə vasitələri biliyi əsl mənasında öyrənmək yerinə sadəcə imtahanda kağıza ötürür və nəticədə savadsız, diplomlu nəsil yetişdirdiyini vurğuladı:
“Qanunvericilik tərəfinə baxsaq, dövlət imtahan qaydaları çox sərtdir və bu cür hallarda tələbənin nəticələri bir anda sıfırlanır. Amma məsələ təkcə kəsilmək deyil. Əsas problem ondadır ki, biz bu yolla “diplomlu, amma savadsız” bir nəsil yetişdiririk. Sabah həmin o “sehirli qələmlə” imtahan verən gənc həkim olub qarşımıza çıxanda, mühəndis olub bina tikəndə biz o texnologiyanın fəsadlarını daha acı şəkildə hiss edəcəyik. Təhsilin keyfiyyəti dediyimiz anlayış təkcə testlərin düzgün cavablandırılması deyil, o biliyin beyinə həkk olunmasıdır. Bu qələmlər isə biliyi beyinə deyil, sadəcə kağıza ötürür, özü də müvəqqəti olaraq”.
Ekspert onu da qeyd etdi ki, bu vasitələr saxta uğur yaradır və tələbələrin həqiqi savad və dürüstlük anlayışını əvəz edə bilmir:
“Əslində bu cür vasitələrə tələbatın olması bizim qiymətləndirmə sistemimiz üçün də bir siqnaldır. Biz tələbəni təkcə əzbərə və faktlara görə yox, yaradıcı düşüncəyə görə qiymətləndirməliyik ki, heç bir qələm onun beynindəki fikirləri əvəz edə bilməsin. Nəticə etibarilə, bu texnologiyalar təhsilin keyfiyyətini artırmır, əksinə, cəmiyyətdə dürüstlük anlayışını zədələyir. Zəhmət çəkmədən qazanılan uğur saxtadır və gec-tez o saxtakarlıq insanın qarşısına çıxır. Bizim məqsədimiz “keçmiş olsun” deyib tələbəni yola vermək yox, ona həqiqi savadın gücünü göstərmək olmalıdır”.
Cəmilə Cəfərzadə






