Sevgi zamanla niyə dəyişir? - Psixoloq RƏYİ
Sevgi, insanların həyatında ən dərin və mürəkkəb duyğulardan biridir. İnsanların bir-birinə qarşı hiss etdiyi bağlılıq, ehtiram və yaxınlıq zamanla müxtəlif mərhələlərdən keçir. Hər yaş dövrü, fərqli təcrübələr və həyat şəraiti sevginin təbiətinə təsir edir. Bəzən insanlar uzun illər boyu birlikdə olsa da, bu birlikdəlik fərqli şəkildə təzahür edə bilər – romantik, dostcasına, ya da ailəvi bağlılıq kimi.
Bəs, sevgi həqiqətən bir ömür boyu davam edə bilərmi, yoxsa zamanla dəyişir və transformasiya olur?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, sevginin bir ömür boyu davam edib-etməməsi onun zamanla necə dəyişib yetkin və sağlam bağlılığa çevrilməsindən asılıdır:
“Sevgi bir ömür boyu davam edə bilərmi? – sualı insanları ən çox düşündürən və hər dövrdə aktuallığını qoruyan mövzulardandır. Psixoloji baxımdan sevgi təkcə ilkin emosional həyəcan mərhələsi ilə məhdudlaşmır. İlk mərhələdə hiss olunan güclü romantik cazibə zamanla dəyişir və daha dərin bağlılıq, hörmət, anlayış və etibara əsaslanan münasibətə çevrilir. Bu dəyişiklik sevginin bitməsi deyil, onun yetkin və sağlam formaya keçməsidir”.
E. Rüstəmov qeyd edir ki, uzunömürlü sevgi qarşılıqlı hörmət, anlayış, empati və dəyişikliklərə uyğunlaşmaq bacarığı üzərində qurulduqda daha da möhkəmlənir:
“Uzunömürlü sevginin əsas şərti tərəflərin bir-birini olduğu kimi qəbul etməsidir. İnsanlar zamanla dəyişir, dünyagörüşü, maraqları, həyat prioritetləri formalaşır. Bu dəyişiklikləri anlayışla qarşılamaq, bir-birinə uyğunlaşmaq və münasibəti inkişaf etdirmək bacarığı sevginin davamlılığında mühüm rol oynayır. Əgər münasibətdə qarşılıqlı hörmət, empati və açıq ünsiyyət qorunursa, sevgi illər keçdikcə daha da möhkəmlənə bilər. Sevginin uzunömürlü olması üçün emosional yaxınlıq da vacibdir. Yalnız romantik hisslər deyil, eyni zamanda dostluq, bir-birinə dayaq olmaq, çətin anlarda yanında olmaq münasibəti gücləndirir. Birlikdə yaşanan təcrübələr, ortaq xatirələr və ortaq məqsədlər sevgini daha da dərinləşdirir. İnsan özünü qarşı tərəfin yanında güvənli və dəyərli hiss etdikdə bu bağ daha uzunömürlü olur”.

Psixoloqun sözlərinə görə, sevgi davamlı olması üçün üzərində çalışılan, qarşılıqlı anlayış və məsuliyyət tələb edən şüurlu bir seçimdir:
“Digər tərəfdən, sevgi üzərində işləmək tələb edən bir prosesdir. Hər münasibətdə zaman-zaman anlaşılmazlıqlar, incikliklər və yorğunluq yarana bilər. Bu məqamda problemlərdən qaçmaq yox, onları sağlam şəkildə müzakirə etmək, kompromisə hazır olmaq və emosional məsuliyyət daşımaq vacibdir. Sevgi yalnız hiss deyil, eyni zamanda şüurlu seçim və davamlı zəhmətdir. Bu səbəbdən də sevgi öz-özünə bir ömür davam etmir, lakin düzgün münasibət mədəniyyəti, qarşılıqlı anlayış və psixoloji yetkinlik olduqda bir ömür boyu yaşadıla bilər. Sevgi zamanla formalaşan, dərinləşən və inkişaf edən bir dəyərdir. Ona diqqət və qayğı göstərildikdə, o, insan həyatının ən güclü dayaqlarından birinə çevrilir”.
Cəmilə Cəfərzadə






