“Şəxsiyyət pozuntularının əsas əlamətləri yeniyetməlik dövründə başlayır” - PSİXOLOQ
“Şəxsiyyət pozuntusu fərdin sosial münasibətlərinə, iş həyatına və gündəlik funksionallığına mənfi təsir edir. Şəxsiyyət pozuntusu olan insanlar çox vaxt davranışlarını dəyişməkdə çətinlik çəkirlər, onların reaksiyaları cəmiyyətin normalarına uyğun gəlməyə bilər və mövcud olan xəstəlik əlamətlərinə görə şəxs ictimai mühitə uyğunlaşa bilmir. Xəstələrdə mütəmadi olaraq, qeyri-adekvat davranışlar özünü göstərir. Bəziləri aqressiv, bəziləri təşvişli, bəziləri heç kəsə etibar etmirlər, amma burada bir məqam var: hamısının norma xaricində olduğu görülür”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq bildirib ki, şəxsiyyət pozuntularının müxtəlif növləri var və hər birinin özünəməxsus əlamətləri mövcuddur. Məsələn: sosial münasibətlərdə problemlər, reallıqdan uzaq düşüncələr, məsuliyyətsiz və impulsiv davranışlar və s. müşahidə olunur. Şəxsiyyət pozuntularına misal kimi, paranoid tip şəxsiyyət pozuntusu, şizoid tip şəxsiyyət pozuntusu, şizotipal tip şəxsiyyət pozuntusu, antisosial tip şəxsiyyət pozuntusu və s.qeyd etmək olar. Şəxsiyyət pozuntularının yaranmasına bir neçə potensial amillərvar ki, səbəb ola bilər. Məsələn: Genetik faktorları buraya aid edə bilərik. Ailədə psixiatrik pozuntuların olması risk faktorunu artırır. Həmçinin ətraf mühit faktorlarını, uşaqlıq dövründə yaşanan travmalar, zorakılıq,və s. göstərmək olar.
Şəxsiyyət pozuntularının əsas əlamətləri gənc yaşlarda, xüsusilə yeniyetməlik dövründə (14-18 yaşlar arasında)başlayır. Ancaq rəsmi diaqnoz adətən 18 yaşdan sonra qoyulur, çünki yeniyetmələrin şəxsiyyət xüsusiyyətləri hələ tam formalaşmayıb və dəyişə bilər.
Uşaqlıqda bəzi davranış problemləri olsa da, bunların şəxsiyyət pozuntusuna çevrilib-çevrilməyəcəyi yetkinlik dövründə daha aydın olur. Əgər bu davranışlar uzunmüddətli və həyatın müxtəlif sahələrində problemlərə səbəb olursa, o zaman şəxsiyyət pozuntusu kimi qiymətləndirilə bilər.
Şəxsiyyət pozuntularının müalicəsində əsas üsul kimi psixoterapiya götürülür. Problem zamanı peşəkar dəstək alınması ən əsas məqamdır. Əgər lazım olarsa və ehtiyac yaranasa psixoterapiya dərmanlarla müşayiət oluna bilər. Psixoterapiya prosesində əsas məqsəd yanlış düşüncə modellərini qiymətləndirmək, yeni düşüncə və davranış nümunələrini öyrənməkdir.”