Skuter sürənlər bu hallarda 40 manat cərimə olunacaqlar - Vəkildən XƏBƏRDARLIQ
Son dövrlərdə xüsusilə yağışlı və qeyri-sabit hava şəraitində insanlar qısa məsafələr üçün alternativ nəqliyyat vasitələrinə daha çox üstünlük verirlər. Bu baxımdan skuter və digər mikromobil vasitələrin istifadəsində artım müşahidə olunur. Lakin rahat və sürətli hərəkət imkanı yaradan bu nəqliyyat növü ilə bağlı təhlükəsizlik qaydalarına əməl olunmaması həm sürücülər, həm də piyadalar üçün ciddi risklər yaradır. Eyni zamanda, bir çox istifadəçi skuter sürərkən hansı hallarda inzibati məsuliyyətə cəlb oluna biləcəyini dəqiq bilmir.
Bəs skuter sürənlər hansı hallarda cərimələnə bilərlər?
Bununla bağlı AR Vəkillər kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, elektrikli skuter sürənlər piyadalara təhlükə yaratdıqda, yol hərəkəti qaydalarını pozduqda və ya təhlükəli idarəetmə halları törətdikdə cərimələnə bilərlər:
“Elektrikli skuter və digər fərdi mikromobillərdən istifadə edən şəxslər də yol hərəkəti qaydalarına əməl etməlidirlər. Qanunvericiliyə əsasən, skuter sürənlər bir sıra hallarda inzibati məsuliyyətə cəlb oluna və cərimələnə bilərlər. İlk növbədə, skuter sürən şəxslər piyadalar üçün nəzərdə tutulmuş yerlərdə onların hərəkətinə təhlükə yaradarsa və ya yol hərəkəti qaydalarını pozarsa, bu halda inzibati məsuliyyət yarana bilər. Həmçinin, skuterin yolun hərəkət hissəsində təhlükəli şəkildə idarə edilməsi, qəza şəraitinin yaradılması və ya digər hərəkət iştirakçılarına maneə törədilməsi də cərimə ilə nəticələnə bilər. Nəqliyyat vasitələrinin hərəkət zolaqlarında qaydalara zidd hərəkət etmək, svetoforun qadağanedici siqnalına əməl etməmək, velosiped yolu olduğu halda o yoldan kənar hərəkət etmək, habelə sərnişin daşınması kimi hallar da inzibati məsuliyyət yaradır”.

Vəkil qeyd edir ki, skuter sürücüləri piyadaların üstünlüyünü pozduqda və ya yol hərəkəti qaydalarına əməl etmədikdə 40 manat cərimə oluna bilərlər:
“Eyni zamanda, skuter sürücüləri piyadaların üstünlüyünü pozduqda, piyada keçidlərində və səkilərdə təhlükəli hərəkət etdikdə və ya digər yol hərəkəti qaydalarını pozduqda qanunvericiliyə uyğun olaraq cərimələnə bilərlər.
Bu hallarda həmin şəxlər 40 manat məbləğində cərimə oluna bilərlər. Ümumilikdə, skuter istifadəçiləri də yol hərəkəti iştirakçısı hesab olunduğuna görə, onların təhlükəsiz və məsuliyyətli şəkildə hərəkət etməsi həm özlərinin, həm də digər şəxslərin təhlükəsizliyi baxımından vacibdir”.
Cəmilə Cəfərzadə






