Sosial media hesablarının oğurlanma riskini artıran əsas səhvlər - Mütəxəssis açıqladı
Bir anlıq diqqətsizlik və ya sadə görünən bir səhv sosial media hesabınızın başqasının əlinə keçməsi ilə nəticələnə bilər. Bəzən istifadəçilər təhlükəni hiss etmədən öz məlumatlarını paylaşır və ya hesablarını zəif qoruyurlar. Bəs ən çox rast gəlinən riskli davranışlar hansılardır?
Bu barədə SMM və süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev Patrul.az-a açıqlamasında bildirib ki, hesab oğurluğu əsasən zəif şifrələr, fişinq linkləri və təhlükəsiz olmayan giriş vərdişləri səbəbindən baş verir:
“Sosial media hesablarının oğurlanması riskini artıran əsas səhvlər zəif və eyni şifrədən istifadə etmək, iki mərhələli doğrulamanı aktiv etməmək, naməlum linklərə daxil olmaq və şübhəli tətbiqlərə hesab girişi verməkdir.
Bundan əlavə, şəxsi məlumatların həddindən artıq paylaşılması da kibercinayətkarların istifadəçi haqqında məlumat toplamasını asanlaşdırır. Xüsusilə fişinq mesajlarına inanmaq, saxta giriş səhifələrində şifrə daxil etmək və ictimai Wi-Fi şəbəkələrindən ehtiyatsız istifadə etmək hesabın ələ keçirilməsi riskini əhəmiyyətli dərəcədə artırır”.

Mütəxəssisin sözlərinə görə, istifadəçilər iki mərhələli doğrulamanı aktiv etməli və yalnız etibarlı platformalardan istifadə etməlidirlər:
“İstifadəçilər güclü və fərqli şifrələrdən istifadə etməli, iki mərhələli doğrulamanı aktiv etməli, hesab aktivliyini mütəmadi yoxlamalı və yalnız rəsmi tətbiq və platformalara etibar etməlidirlər”.
Cəmilə Cəfərzadə






