Sosial yardım adı ilə saxta saytlar: Vətəndaşlar nələrə diqqət etməlidir? - AÇIQLAMA
Rəqəmsal mühitin genişlənməsi ilə paralel olaraq internet üzərindən təqdim olunan sosial xidmətlərə maraq da artmaqdadır. Xüsusilə sosial yardım və dövlət dəstəyi ilə bağlı məlumatlar cəmiyyətin müxtəlif təbəqələri üçün həssas və diqqət çəkən mövzulardandır. Bu sahədə onlayn platformaların çoxalması və məlumat mübadiləsinin sürətlənməsi vətəndaşların internet resurslarına daha tez müraciət etməsinə şərait yaradır. Belə bir dövrdə sosial yardımla bağlı yayılan məlumatların mənbəyi və etibarlılığı məsələsi xüsusi əhəmiyyət kəsb edir.
Sosial yardımla bağlı saxta saytları ayırd etmək üçün vətəndaşlar nələrə diqqət etməlidir?
Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, sosial yardım adı ilə yayılan saxta saytlara qarşı vətəndaşlar yalnız “.gov.az”domenli rəsmi mənbələrə inanmalı, həddindən artıq cəlbedici və tələsdirici vədlər verən platformalardan uzaq durmalıdır:
“Sosial yardımla bağlı saxta saytlar yaradılıb – vətəndaşlar nələrə diqqət etməlidir?
Son dövrlərdə sosial yardım, birdəfəlik ödəniş, aztəminatlı ailələr üçün kompensasiya adı ilə yaradılan saxta saytlar vətəndaşlar üçün ciddi risk yaradır. Bu saytların əsas məqsədi şəxsi və bank məlumatlarını ələ keçirməkdir. Aldanmamaq üçün aşağıdakı məqamlara xüsusilə diqqət yetirmək vacibdir.
Rəsmi dövlət qurumlarının saytları adətən “.gov.az” ilə bitir. Əgər gov.az yoxdursa – etibar etməyin.
Həddindən artıq cəlbedici vədlər varsa, “Hər kəsə 500–1000 manat birdəfəlik yardım”, “Sadəcə 2 dəqiqəyə müraciət et”, “Bu gün son gündür!” kimi. Dövlət qurumları təzyiq dili və tələsdirici mesajlar istifadə etmir”.

Ekspertin sözlərinə görə, sosial yardım adı altında yaradılan saxta saytlar bank və şəxsi məlumatları ələ keçirməyə yönəlib və vətəndaşlar yalnız rəsmi mənbələrə etibar etməlidir:
“Bank və şəxsi məlumatların istənilməsi. Saxta saytlar tez-tez bunları tələb edir: Bank kartının 16 rəqəmi, CVV kodu, SMS-lə gələn təsdiq kodu, FİN, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s. Heç bir dövlət qurumu bu məlumatları istəmir.
Texniki əlamətlərə diqqət etmək lazımdır. Saytda əlaqə nömrəsi yoxdur və ya mobil nömrədir. Yazı səhvləri, qeyri-peşəkar dizayn, HTTPS olsa belə, domen şübhəlidir. (HTTPS təhlükəsizlik zəmanəti deyil)
Doğru məlumatı yalnız rəsmi mənbələrdən yoxlamaq olar.
Əgər artıq məlumat daxil etmisinizsə:
Dərhal bankla əlaqə saxlayın, kartı blokladın;
Şifrələri dəyişin:
DİN-in 102 xidməti ilə əlaqə saxlayın;
Mesajı başqalarına ötürməyin.
Dövlət SMS-lə, WhatsApp-la və ya link göndərərək sosial yardım təklif etmir. Rəsmi məlumat yalnız rəsmi kanallardan verilir. Maariflənmək ən güclü kibertəhlükəsizlik tədbiridir”.
Cəmilə Cəfərzadə






